Dünya · Teleqraf

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır xəbəri üçün şəkil

BAKI, 9 oktyabr. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalına hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın münaqişənin yenidən aktiv mərhələyə keçməsi ilə bağlı ziddiyyətli açıqlamalarına baxmayaraq, hərbi rəhbərlik mümkün əməliyyat planları üzərində işləyir.

Bildirilir ki, yaxın vaxtlarda Yaxın Şərqə üç aviadaşıyıcı gəminin göndərilməsi nəzərdə tutulur. Pentaqon, həmçinin İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlara, digər hərbi obyektlərə və enerji infrastrukturuna zərbələr endirilməsi variantlarını nəzərdən keçirir.

Məlumata əsasən, son aylarda Pentaqon və Trampın milli təhlükəsizlik komandası İrana və ya Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatına qarşı genişmiqyaslı hərbi əməliyyatlarla bağlı prezidentə beş təklif təqdim edib. Tramp isə onların hamısını rədd edib.

Bununla yanaşı, prezidentin yaxın çevrəsindəki bəzi rəsmilər hesab edirlər ki, hərbi əməliyyatlar Tehranın mövqeyini dəyişməyəcək. Digərləri isə İrana qarşı iqtisadi təzyiqlərin artıq nəticə verdiyini və əlavə vaxtın Tehranı ciddi güzəştlərə sövq edə biləcəyini düşünürlər.

Qeyd edək ki, Tramp daha əvvəl ABŞ-də noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərinədək İrana zərbələr endirmək niyyətində olmadığını bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑