BAKI, 23 oktyabr. TELEQRAF
İtaliyanın Neapol şəhəri ətrafında yük maşını sürücülərinin tətili və yollarda yaranan məhdudiyyətlər səbəbindən yanacaqdoldurma məntəqələrinin 95 faizi yanacaqsız qalıb.
Teleqraf xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.
Yanacaq çatışmazlığı təcili tibbi yardım avtomobillərinin hərəkəti və tullantıların daşınması ilə bağlı problemlər yarada bilər.
Məlumata görə, bəzi yanacaqdoldurma məntəqələrində qiymət manipulyasiyası halları da qeydə alınıb. Benzin və dizelin litri orta qiymətin 2 avrodan bir qədər yüksək olduğu şəraitdə 4 avroya satılır. Yerli prokurorluq yüklərin daşınmasına maneələrin yaradılmasında mafiya qruplaşmalarının iştirakını istisna etmir.
Yükdaşıma şirkətləri bir həftədən çox əvvəl İtaliyanın cənubunda və Siciliya adasında yanacağın bahalaşmasına etiraz olaraq avtomobil yollarını bağlamaqla aksiyalara başlayıblar. Etirazlar təchizat zəncirində ciddi çətinliklərə səbəb olub.
Kampaniya, Apuliya və Kalabriya bölgələrində, eləcə də Siciliyada əsasən tərəvəz, meyvə və tez xarab olan məhsulların qıtlığı yaranıb. Xammal çatışmazlığı səbəbindən bəzi qida sənayesi müəssisələri istehsalı dayandırıb. Məhsulun daşınmasının mümkünsüzlüyü kənd təsərrüfatı sektorunun fəaliyyətinə də təsir göstərib.
İtaliya hökuməti yaranmış vəziyyətlə əlaqədar avtomobil daşımaları və kənd təsərrüfatı sektorlarına əlavə vəsait ayırıb. Daşıyıcı birliklərinin əksəriyyəti etirazların başa çatdığını elan etsə də, bəzi ərazilərdə aksiyalar davam edir. Etirazçılar hökumətin dəstək tədbirlərinin yetərsiz olduğunu və yanacaq qiymətlərinin yüksək olaraq qaldığını bildirirlər.





