BAKI, 29 oktyabr. TELEQRAF
“Hizbullah” təşkilatı İsrailin Livanın cənub bölgələrini nəzarət altında saxlamasına imkan verməyəcək.
Teleqraf xəbər verir ki, bunu “Hizbullah”ın baş katibi Şeyx Nəim Qasım İsraildə oktyabrın 27-də keçirilmiş parlament seçkilərinin nəticələrini şərh edərkən bildirib.
“İsraildə hansı hökumətin hakimiyyətdə olmasından asılı olmayaraq, onlar bilməlidirlər ki, Livan ərazisindən qoşunlarını çıxarmalı və işğala son qoymalı olacaqlar”, – Qasım vurğulayıb.
Onun sözlərinə görə, İsraildə hakimiyyətə kimin gəlməsi “Hizbullah” üçün əhəmiyyət daşımır, çünki rəhbərliyin dəyişməsi qarşıdurmanın mahiyyətini dəyişmir.
“Əgər israillilər Livan torpaqlarını könüllü tərk etməsələr, gec-tez İslam müqavimət qüvvələri onları buna məcbur edəcək”, – təşkilat rəhbəri xəbərdarlıq edib.
Nəim Qasım İsraildə keçirilən seçkilərin nəticələrini ölkənin gələcək məğlubiyyətinin əlamətlərindən biri kimi qiymətləndirib. O iddia edib ki, səsvermənin nəticələri İsraildə siyasi qeyri-müəyyənliyi, eləcə də dərin iqtisadi və sosial böhranı nümayiş etdirir.
“Hizbullah” lideri həmçinin ABŞ-nin Livanda qərarların qəbuluna təsirinin dayandırılmasını tələb edib. O, Vaşinqtonun ölkənin daxili işlərinə müdaxiləsini Livanın suverenliyinin pozulması kimi qiymətləndirib.
Qasım İsrailin hərbi əməliyyatları və Livan ərazilərində mövcudluğu davam etdiyi bir vaxtda “Hizbullah”ın silahsızlaşdırılması ilə bağlı müzakirələrin aparılmasını yersiz hesab etdiyini bildirib.






