Rusiya hakimiyyəti təxminən dörd aylıq məhdudiyyətdən sonra Azov dənizinin limanlarından taxıl daşıyan gəmilərin çıxışına müvəqqəti icazə verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Üç mənbəyə istinad edən agentliyin məlumatına əsasən, icazə Temryuk və Qafqaz limanlarında olan gəmilərə şamil edilir. Artıq ən azı bir gəmi Kerç boğazından keçərək Qara dənizə çıxıb.
Azov dənizində kommersiya gəmiçiliyi hücum təhlükəsi səbəbindən iyulun 10-da dayandırılmışdı.
Vəziyyət gərginləşənədək Rusiyanın dəniz yolu ilə buğda ixracının təxminən üçdə biri həmin regiondan həyata keçirilirdi.
Mənbələrin bildirdiyinə görə, gəmilərin çıxışına müvəqqəti icazə oktyabrın 26-dan qüvvəyə minib. Yola düşməyə hazır olan və heyəti formalaşdırılmış gəmilərin sahibləri limanlardan çıxmaq üçün müraciət edə bilərlər.
Bizim.Media




