BAKI, 27 oktyabr. TELEQRAF
Fransa hökuməti zorakılığa və kütləvi iğtişaşlara çağırış edən paylaşımları silməyən sosial şəbəkələrin bloklanmasını planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” qəzeti parlamentə təqdim olunan qanun layihəsinə dəyişiklik təklifinə istinadən məlumat yayıb.
Təşəbbüsə əsasən, internet platformaları terror aktlarına, üsyana, dövlətə və ya ayrı-ayrı əhali qruplarına qarşı silahlı mübarizəyə çağırış edən materialları hakimiyyət orqanlarının tələbindən sonra bir saat ərzində silməli olacaqlar.
Tələbi yerinə yetirməyən sosial şəbəkələrin bloklanması və ya axtarış sistemlərinin nəticələrindən çıxarılması nəzərdə tutulur.
Dəyişiklik internetdə qanunsuz məzmunu aşkarlayan dövlət platforması “Pharos”un səlahiyyətlərinin genişləndirilməsini də əhatə edir. İctimai asayişin ciddi şəkildə pozulmasına səbəb ola biləcək qətl, zorakılıq, oğurluq və əmlakın məhv edilməsinə çağırış edən paylaşımların silinməsi üçün platformalara 24 saat vaxt veriləcək.
Qanunvericilik təşəbbüsü oktyabrın 17-də Fransada keçirilən kütləvi etiraz aksiyalarının iğtişaşlarla müşayiət olunmasından sonra hazırlanıb.
Fransa Prezidenti Emmanuel Makron Marselə səfəri zamanı sosial şəbəkələrdən hücumların və talanların koordinasiyası, eləcə də iştirakçıların toplanması üçün istifadə edildiyini bildirib.
Xatırladaq ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib.
Təşkilatçıların məlumatına görə, aksiyalarda 800 min, Fransa Daxili İşlər Nazirliyinin hesablamalarına əsasən isə 550 min nəfər iştirak edib. Bəzi şəhərlərdə etirazlar polislə toqquşmalara çevrilib.
Daxili işlər naziri Loran Nunye iğtişaş və talanlarda iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağını bəyan edib.





