BAKI, 19 oktyabr. TELEQRAF
Braziliya Federal Polisi sağçı müxalifətin prezidentliyə namizədi, senator Flaviu Bolsonarunun çirkli pulların yuyulması sxemində mümkün iştirakını araşdırmağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Braziliyanın “O Globo” qəzeti istintaq materiallarına istinadən məlumat yayıb.
Məlumata görə, işə ölkənin Ali Federal Məhkəməsində baxılır. Araşdırmaya hakim Aleksandri di Morays rəhbərlik edir.
İstintaq Bolsonarunun vəkil Viller Tomasla birlikdə qanunsuz onlayn mərc oyunları ilə əlaqəli çirkli pulların yuyulması sxemində iştirak edib-etmədiyini müəyyənləşdirməyə çalışır.
Vəkil ümumi dövriyyəsi təxminən 10 milyard real (1,8 milyard dollar) təşkil edən şübhəli maliyyə əməliyyatlarına görə hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
Araşdırma zamanı əldə olunan yazışmalar senatorun vəkilə məxsus şirkətin bank hesabına çıxış imkanının olduğunu, eləcə də onun bahalı səfərlərinin və yaşayış xərclərinin qarşılandığını göstərib.
Müdafiə tərəfi isə ortaq bank hesabının mövcudluğunu və hər hansı qanunsuz maliyyə əlaqəsini qətiyyətlə rədd edib.
Bolsonaru məsələ ilə bağlı jurnalistlərə açıqlama verməyib. Onun nümayəndəsi isə ittihamları əsassız adlandıraraq, məxfi istintaq materiallarının prezident seçkiləri ərəfəsində ictimailəşdirilməsini seçki prosesinə müdaxilə cəhdi kimi qiymətləndirib.
Qeyd edək ki, Braziliyada prezident seçkilərinin ikinci turu oktyabrın 25-də keçiriləcək. Oktyabrın 4-də baş tutan ilk turda Flaviu Bolsonaro 47,03 faiz, hazırkı Prezident Luis İnasiu Lula da Silva isə 45,16 faiz səs toplayıb.




