Dünya · Teleqraf

“Binance” 6,3 milyard dollarlıq kiberhücumdan sonra vəsait çıxarışlarını bərpa edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Binance” 6,3 milyard dollarlıq kiberhücumdan sonra vəsait çıxarışlarını bərpa edir xəbəri üçün şəkil

BAKI, 31 oktyabr. TELEQRAF

Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Binance” kiberhücumdan sonra dayandırılan vəsait çıxarışı xidmətini noyabrın 1-dək bərpa etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin həmsədri Riçard Tenq “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, xidmət yalnız təhlükəsizlik yoxlamaları və hərtərəfli sınaqlar başa çatdıqdan sonra yenidən istifadəyə veriləcək.

“İlk növbədə, vəsait çıxarışı xidmətini bərpa edirik. Lakin bütün yoxlamalar tamamlanmadan onun fəaliyyətinə icazə verməyəcəyik”, – Tenq bildirib.

Şirkət rəhbəri işlərin qrafikə uyğun davam etdiyini və prosesin təxminən 40 saat ərzində yekunlaşa biləcəyini qeyd edib.

Tenq bildirib ki, hazırda birjanın təhlükəsizlik infrastrukturu kompleks şəkildə yoxlanılır. Eyni zamanda, şirkət itkilərin qarşılanması üçün bazar və birjadankənar əməliyyatlar vasitəsilə çatışmayan kriptoaktivlərin alınmasını tamamlayır.

“Binance” ehtiyatların mövcudluğunu təsdiqləyən tam hesabatı (Proof of Reserves) noyabrın 2-dək dərc etməyi planlaşdırır. İlkin məlumatların isə daha əvvəl açıqlanacağı gözlənilir.

Şirkət kiberhücum nəticəsində oğurlanan aktivlərin dəyərini qarşılamaq üçün 6,34 milyard dollardan çox şəxsi vəsait ayırıb. Bu məbləğin 5 milyard dolları artıq hücumdan təsirlənən kriptovalyutalar şəklində saxlanılır.

Tenq vurğulayıb ki, hücum birjanın özünə məxsus, internetə qoşulu kriptovalyuta pul kisəsini əhatə edib və müştərilərin vəsaitlərinə zərər dəyməyib.

İlkin araşdırmalar hücumun əməkdaşlardan birinin noutbukunun sındırılması ilə əlaqəli ola biləcəyini göstərsə də, sonrakı yoxlamalar sistemə bir neçə fərqli nöqtədən müdaxilə edildiyini üzə çıxarıb.

Məlum olub ki, hücum bir nəfər tərəfindən həyata keçirilməyib. Kibercinayətkarlar izlərini gizlətmək üçün istifadə etdikləri alətləri və hücumun izlərini silən mexanizmdən yararlanıblar.

Bundan başqa, hücum zamanı EIP-7702 mexanizmindən istifadə edilərək birjanın standart təsdiqləmə prosedurlarından yan keçildiyi bildirilir.

Şirkət oğurlanan vəsaitlərin izlənilməsi və geri qaytarılması məqsədilə hüquq-mühafizə orqanları, blokçeyn analitikləri və digər tərəfdaşlarla əməkdaşlığı davam etdirir.

Qeyd edək ki, “Binance” oktyabrın 29-da kiberhücuma məruz qaldığını açıqlayıb. İlkin hesablamalara görə, mümkün itkilər 6,3 milyard dollara çata bilər.

Birjanın məlumatına əsasən, indiyədək təxminən 3 milyard dollar dəyərində kriptoaktivin blokçeyn şəbəkəsində dondurulmasına nail olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑