Dünya · Teleqraf

Bavariyada Hitlerin keçmiş çay evində güclü yanğın baş verib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bavariyada Hitlerin keçmiş çay evində güclü yanğın baş verib xəbəri üçün şəkil

BAKI, 24 oktyabr. TELEQRAF

Bavariyanın əsas turizm məkanlarından biri olan, Adolf Hitlerin keçmiş çay evi kimi tanınan “Qartal yuvası”nda güclü yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “Bild” qəzeti yerli polisə istinadən məlumat yayıb.

Yanğın oktyabrın 23-də axşam saatlarında Almaniyanın Bavariya əyalətinin Berxtesqaden icmasında, Kelştayn dağında yerləşən Kelştaynhaus binasında baş verib. Yanğın barədə məlumat saat 21:16-da daxil olub. İlk xilasetmə qüvvələri hadisə yerinə çatanda dağ yamacında yerləşən ayrıca bina artıq alovlara bürünmüşdü.

Polisin nümayəndəsi “Bild”ə açıqlamasında binanın tamamilə yandığını və yanğınsöndürənlərin genişmiqyaslı əməliyyat apardığını bildirib. O, hadisə ilə bağlı qəsdən yanğın törədilməsi ehtimalının araşdırıldığını qeyd edib.

Şübhələrə hadisə yerinə gedən polislərin qarşısına əks istiqamətdən motosikletçinin çıxması səbəb olub. Hüquq-mühafizə orqanları ardınca gələn yanğınsöndürənləri xəbərdar edib. Xilasedicilər motosikletçini saxlayıblar. Polis onun saxlanıldığını təsdiqləsə də, yanğınla əlaqəsinin olub-olmadığı hələ müəyyən edilməyib.

Yanğının dəqiq səbəbi məlum deyil. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Polis yanğın başlayan zaman binanın daxilində heç kimin olmadığını bildirib. Tarixi tikilinin xilas edilib-edilməyəcəyi isə hələlik bəlli deyil. Yanğınsöndürənlər alovla mübarizəni davam etdirirlər.

Kelştaynhaus 1937–1938-ci illərdə Alp dağlarında, dəniz səviyyəsindən 1834 metr yüksəklikdə inşa edilib. Bina Üçüncü Reyxin yüksək vəzifəli rəhbərləri üçün hökumət iqamətgahı və çay evi kimi nəzərdə tutulmuşdu. Kompleksdən nasist rejiminin gücünü nümayiş etdirmək məqsədilə xarici nümayəndə heyətlərinin və diplomatların rəsmi qəbulları üçün də istifadə olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑