Siyasət · Teleqraf

Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən danışdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan nümayəndəsi BMT-də mina təhlükəsindən danışdı xəbəri üçün şəkil

BAKI, 29 oktyabr. TELEQRAF

Mina və müharibənin digər partlayıcı qalıqlarının yaratdığı davamlı təhlükə Azərbaycanın münaqişədənsonrakı bərpa və yenidənqurma səylərinə ciddi maneə törədir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova təşkilatın Təhlükəsizlik Şurasında “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda keçirilən açıq debatda bildirib.

Diplomat qeyd edib ki, 2020-ci ilin noyabrından bəri qadın və uşaqlar da daxil olmaqla, 443 nəfər mina və partlamamış hərbi sursatlarla bağlı hadisələrdən zərər çəkib. O, bu vəziyyətin humanitar minatəmizləmə imkanlarının gücləndirilməsi və beynəlxalq dəstəyin artırılması zərurətini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Nahidə Bağırova bildirib ki, münaqişədənsonrakı dövrdə Azərbaycan genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirir. Böyük Qayıdış Proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli qayıdışı üçün şərait yaradılır, qadın və qızların sosial-iqtisadi həyata və bərpa prosesinə fəal cəlb olunması istiqamətində tədbirlər görülür.

O, mövcud çətinliklərə baxmayaraq, indiyədək təxminən 96 min insanın yenidən qurulmuş şəhər və kəndlərə qayıtdığını, burada yaşayıb fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Azərbaycan nümayəndəsi, həmçinin keçmiş münaqişə ilə əlaqədar itkin düşmüş azərbaycanlıların taleyinin hələ də ciddi humanitar narahatlıq doğurduğunu bildirib.

“İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və bununla bağlı beynəlxalq səylərin gücləndirilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir”, – deyə diplomat vurğulayıb.

Nahidə Bağırova Azərbaycanın bu məsələyə beynəlxalq diqqətin artırılması məqsədilə hər il itkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu da daxil olmaqla, beynəlxalq konfranslar təşkil etdiyini xatırladıb. O, həmçinin Azərbaycanın BMT Baş Assambleyasının itkin düşmüş şəxslər, eləcə də silahlı münaqişələr zamanı qadın və uşaqların girov götürülmədən və həbsdən azad edilməsi ilə bağlı qətnamələrinin təşəbbüskarı olduğunu diqqətə çatdırıb.

Çıxışında BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinin əhəmiyyətinə toxunan Nahidə Bağırova qadınların sülh və təhlükəsizliyin təmin olunmasında, eləcə də münaqişədənsonrakı bərpa proseslərində tam və bərabər iştirakının vacibliyini vurğulayıb.

Diplomat Azərbaycanın milli və beynəlxalq normativ çərçivələrə uyğun olaraq münaqişədənsonrakı şəraitdə qadınların hüquq və imkanlarının genişləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑