BAKI, 20 oktyabr. TELEQRAF
Donald Trampın 2025-ci ildə ikinci prezidentlik müddətinin başlamasından bəri Dövlət Departamenti xarici vətəndaşlar üçün 300 mindən çox vizanı ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Tommi Piqot bildirib.
O, X-də yazıb: "Artıq 300 mindən çox vizanı ləğv edən Tramp administrasiyası tarixdəki digər administrasiyalardan daha sürətli şəkildə vizaları ləğv edir. Vaşinqton əcnəbilərin qanunu tapdalamasına, fırıldaqçılığa yol verməsinə və ya milli təhlükəsizliyi pozmasına dözməyəcək. Sərhədlərimizin və ölkəmizin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görürük və görməyə davam edəcəyik".
2025-ci ilin yanvar ayında ABŞ-nin 47-ci prezidenti kimi andiçmə mərasimindən bəri Tramp dəfələrlə bildirib ki, vəzifəyə başlamazdan əvvəl ölkəyə təxminən 25 milyon insan qanunsuz yolla daxil olub. Amerika lideri daha sərt immiqrasiya siyasətinin tərəfdarıdır.





