BAKI, 20 oktyabr. TELEQRAF
ABŞ administrasiyası Rusiyadan dizel yanacağının dünya bazarına tədarükünün artırılmasının qlobal enerji bazarındakı gərginliyi azaldacağına ümid edir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt “Bloomberg” agentliyinə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Rusiya dizelinin dünya bazarına daha böyük həcmdə çıxarılması yanacağın qiymətlərinə müsbət təsir göstərə bilər.
“Məqsəd bazara daha çox Rusiya dizelinin daxil olmasını təmin etməkdir. Bu, qlobal bazardakı gərginliyi azaldar və bütün dünyada dizel yanacağının qiymətinə təzyiqi zəiflədər”, – Kris Rayt vurğulayıb.
Qeyd edək ki, oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Tərəflər digər məsələlərlə yanaşı, neft məhsullarının tədarükünü də müzakirə ediblər.
Putinin açıqlamasına görə, Moskva ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib.






