BAKI, 18 oktyabr. TELEQRAF
ABŞ administrasiyası Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin dayandırılmasını Ukrayna münaqişəsinin diplomatik yolla həllinə maneələrin yaranmaması ilə izah edib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Teylor Rocers “Axios” portalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırkı mərhələdə Rusiyaya qarşı əlavə məhdudiyyətlərin tətbiqi Vaşinqtonun Moskva və Kiyev arasında davamlı sülh razılaşmasına nail olmaq səylərinə mənfi təsir göstərə bilər.
“Hazırda sanksiya müddəalarının tətbiqi ABŞ-nin Ukrayna ilə Rusiya arasında danışıqlar yolu ilə davamlı və hərtərəfli sülh sazişinə nail olmaq istiqamətində davam edən səylərinə mane olardı”, – Rocers bildirib.
Ağ Ev rəsmisi vurğulayıb ki, Donald Tramp ABŞ-nin milli maraqlarına uyğun hesab edəcəyi təqdirdə həmin sanksiyaları istənilən vaxt tətbiq etmək səlahiyyətini saxlayır.
“Prezident münaqişəyə son qoymaq istədiyini açıq şəkildə bildirib. Danışıqlar davam etdikcə bu qanun ona sülh razılaşmasına nail olmaq üçün əlavə səlahiyyətlər verir”, – o əlavə edib.
Xatırladaq ki, Tramp Rusiyaya qarşı yeni qanunda nəzərdə tutulan məhdudiyyətlərin tətbiqini növbəti qəraradək dayandıran fərman imzalayıb. Sanksiyaların tətbiqi prezidentin və ya dövlət katibi Marko Rubionun göstərişi ilə bərpa oluna bilər.
Sentyabrın 18-də Tramp Konqresin qəbul etdiyi və Rusiyanın ali siyasi-hərbi rəhbərliyinə, eləcə də dövlət şirkətlərinə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunu imzalamışdı.
Qanunda Rusiyadan idxala 500 faiz, Rusiya enerji daşıyıcılarının əsas alıcıları olan ölkələrdən idxala isə 100 faiz əlavə gömrük rüsumlarının tətbiqi nəzərdə tutulur.
Bununla belə, qanun ABŞ administrasiyasına milli maraqlara uyğun hesab edilmədiyi hallarda həmin tədbirləri tətbiq etməmək imkanı verir.





