BAKI, 11 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumun arxasında husilərin dayandığını bildirib və buna qəti cavab veriləcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki “X” sosial şəbəkəsində yayılan bəyanatında bildirib.
Onun sözlərinə görə, şənbə günü husilərin hava limanının sərnişin terminallarından birinə hücumu nəticəsində sərnişinlər və hava limanının əməkdaşları arasında ölənlər və yaralananlar olub.
Əl-Maliki hücumu beynəlxalq humanitar hüquqa əsasən genişmiqyaslı hərbi cinayət kimi qiymətləndirib. O, koalisiyanın birgə qüvvələrinin bu hadisəyə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə uyğun olaraq qəti cavab verəcəyini bildirib.




