BAKI, 15 oktyabr. TELEQRAF
Çin Tayvan administrasiyasını digər dövlətlərlə münasibətlərini “Vahid Çin” prinsipi əsasında qurmağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə Çinin ABŞ-dəki səfirliyinin mətbuat katibi Lyu Çan TASS-a açıqlamasında bildirib.
Diplomat ABŞ və Tayvan arasında Alyaskadan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair əldə olunan razılaşmanı şərh edib.
“Çinin Tayvan bölgəsi xarici əlaqələrini ‘Vahid Çin’ prinsipinə uyğun şəkildə qurmalıdır”, – səfirliyin nümayəndəsi vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tayvanla Alyaskadakı LNG layihəsi çərçivəsində 20 il müddətinə 70–80 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qazın tədarükünə dair razılaşma əldə olunduğunu açıqlayıb.
Trampın sözlərinə görə, Tayvan tərəfi layihənin kapitalına 4,4 milyard dollar sərmayə yatırmağa da razılıq verib.
Xatırladaq ki, Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur. Həmin il Çində vətəndaş müharibəsində məğlub olan Çan Kayşinin rəhbərlik etdiyi Homindan qüvvələri adaya çəkilib.
O vaxtdan Tayvan öz idarəetmə sistemini və Çin Respublikasının bəzi dövlət atributlarını qoruyub saxlayır. Rəsmi Pekin isə Tayvanı Çin Xalq Respublikasının ayrılmaz hissəsi hesab edir.


