Siyasət · SİA

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: qlobal həmrəyliyə çağırış

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: qlobal həmrəyliyə çağırış xəbəri üçün şəkil

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunmuş VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı ölkəmizin qlobal miqyasda sülh, tolerantlıq və mədəniyyətlərarası əməkdaşlığın mərkəzi kimi rolunu bir daha nümayiş etdirdi. Dövlət başçısı nitqində məhz 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başladılan və bu gün qlobal brendə çevrilən “Bakı Prosesi”-nin əhəmiyyətini vurğulayaraq, müasir dövrdə sivilizasiyalararası münasibətlərin inkişafında qarşılıqlı etimad və anlaşmanın zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev multikulturalizmin Azərbaycanın həyat tərzi və dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu bildirərək, dünyada artan islamofobiya və digər ayrı-seçkilik meyillərinə qarşı effektiv mübarizə üçün məhz bəşəri dialoqun gücləndirilməsinin vacibliyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı öz çıxışında həmçinin vurğuladı ki, mədəniyyətlərarası dialoq yalnız humanitar sahə ilə məhdudlaşmır, o, eyni zamanda dayanıqlı inkişafın, regional təhlükəsizliyin və beynəlxalq sabitliyin bərqərar olunmasında həlledici rol oynayır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı energetika və nəqliyyat-logistika layihələri müxtəlif regionları və xalqları birləşdirərək iqtisadi tərəfdaşlıqla yanaşı, mədəni yaxınlaşmaya da zəmin yaradır. Müasir dövrdə bəşəriyyətin üzləşdiyi iqlim dəyişikliyi, ekoloji problemlər və sosial bərabərsizlik kimi qlobal çağırışların öhdəsindən gəlmək üçün beynəlxalq birliyin birgə səylər göstərməsi, siyasi və ideoloji fərqlilikləri bir kənara qoyaraq ortaq məqsədlər naminə birləşməsi günümüzün ən mühüm tələblərindən biridir.
Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində artan rolu da ölkəmizə göstərilən etimadın göstəricisidir. AQEM-ə sədrlik müddətinin daha iki il uzadılması, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Formatına tamhüquqlu üzv kimi dəvət olunması bu baxımdan əhəmiyyətlidir. 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə Bakının ev sahibliyi etməsi ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi mövqeyini daha da möhkəmləndirəcək.
İqtisadi potensial, enerji resurslarının etibarlı təchizatçısı kimi mövqe, müasir nəqliyyat infrastrukturu və əlverişli coğrafi şərait Azərbaycanın regional və qlobal əhəmiyyətini artıran əsas amillərdəndir. Dövlət başçısının çıxışında vurğulandığı kimi, müstəqillik illərində əldə edilən nailiyyətlər Azərbaycan xalqının zəhməti və ölkənin öz imkanlarından səmərəli istifadə olunması sayəsində mümkün olub.
Prezident İlham Əliyevin məzmunlu və uzaqgörən çıxışı bir daha sübut etdi ki, Azərbaycan beynəlxalq arenada yalnız regional lider kimi deyil, eyni zamanda sivilizasiyalar arasında etibarlı körpü rolunu oynayan qlobal sülh mərkəzi kimi çıxış edir. Bakı Forumunda səsləndirilən fikirlər, irəli sürülən təşəbbüslər və aparılan səmərəli müzakirələr gələcək nəsillər üçün daha təhlükəsiz, ədalətli və qarşılıqlı hörmətə əsaslanan bir dünyanın qurulmasına dəyərli töhfə verəcəkdir. Paytaxtımızda təşkil olunan bu mötəbər tədbir ölkəmizin humanist dəyərlərə sadiqliyini və qlobal mədəni inteqrasiyanın əsas təşviqçilərindən biri olduğunu növbəti dəfə bütün dünyaya nümayiş etdirdi.

Yusif Abbasov
YAP Naftalan şəhər təşkilatının əməkdaşı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑