2026-cı il oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanında artan nüfuzunu bir daha nümayiş etdirdi. Forumun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyətlərarası münasibətlərin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, beynəlxalq hüququn prinsiplərinə əməl olunması və qlobal təhlükəsizliyin təmin edilməsi ilə bağlı mühüm mesajlar verdi.
Dünyanın müxtəlif bölgələrində münaqişələrin, dini və etnik dözümsüzlüyün, ayrı-seçkiliyin və qarşılıqlı etimadsızlığın dərinləşdiyi bir dövrdə belə beynəlxalq platformaların əhəmiyyəti daha da artır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilib. Bu fikir Azərbaycanın dialoqu yalnız müzakirə vasitəsi deyil, həm də qlobal problemlərin həllinə, xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə xidmət edən mühüm mexanizm kimi qəbul etdiyini göstərir.
2011-ci ildən etibarən Bakıda keçirilən forumlar ölkəmizin beynəlxalq təşəbbüslərinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını təsdiqləyir. Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Bakı Prosesi müxtəlif mədəniyyətləri, dinləri və sivilizasiyaları bir araya gətirərək əməkdaşlıq üçün geniş imkanlar yaradıb. Azərbaycanın Şərqlə Qərbin qovuşuğunda yerləşməsi, tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinə qucaq açması, tolerantlıq və multikulturalizm ənənələrini yaşatması bu istiqamətdəki fəaliyyətin möhkəm təməlini təşkil edir.
Dövlətimizin başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri milli kimliyin, adət-ənənələrin və həyat tərzinin qorunması ilə bağlı idi. Prezident İlham Əliyev bildirdi ki, “Biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik”. Bu fikirlər Azərbaycanın müasir inkişaf yolunun mühüm mahiyyətini ifadə edir. Belə ki, ölkəmiz qlobal proseslərə fəal inteqrasiya etməklə yanaşı, milli-mənəvi dəyərlərinə, tarixi irsinə və özünəməxsusluğuna sadiq qalır. Müasirliklə milli kimliyin uzlaşdırılması Azərbaycanın həm daxili sabitliyinin, həm də beynəlxalq aləmdə özünəməxsus mövqeyinin əsas amillərindəndir.
Azərbaycanın multikulturalizm modeli müxtəlif dini və etnik qrupların dinc yanaşı yaşamasının mümkünlüyünü göstərən mühüm təcrübədir. Cəmiyyətdə hökm sürən qarşılıqlı hörmət, milli birlik və həmrəylik ölkənin davamlı inkişafına xidmət edir. Bu təcrübənin beynəlxalq miqyasda təqdim olunması yalnız Azərbaycanın tanıdılması deyil, eyni zamanda, ayrı-seçkilik və dözümsüzlüklə mübarizəyə, sivilizasiyalar arasında etimadın möhkəmləndirilməsinə töhfədir.
Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi məsələsi də xüsusi yer tutdu. Dövlətimizin başçısının BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılmasının vacibliyini vurğulaması beynəlxalq münasibətlər sistemində mövcud olan ciddi problemlərə diqqət çəkir. Qətnamələrin qəbul edilməsi özlüyündə kifayət deyil; onların icrası üçün təsirli mexanizmlər olmadıqda beynəlxalq hüququn nüfuzu və ədalətin bərqərar olması zərbə altında qalır. Seçici yanaşmalar və ikili standartlar isə münaqişələrin həllini çətinləşdirir, beynəlxalq institutlara inamı zəiflədir.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi beynəlxalq hüququn prinsiplərinin əhəmiyyətini bir daha gündəmə gətirib. Uzun illər ərzində torpaqlarımızın işğal altında qalması, yaşayış məntəqələrinin və tarixi-mədəni irsimizin dağıdılması beynəlxalq qərarların icrasının nə qədər vacib olduğunu göstərən acı təcrübədir. Bu baxımdan, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər yalnız Azərbaycanın mövqeyini ifadə etmir, həm də beynəlxalq hüququn aliliyinin təmin olunmasına dair prinsipial çağırış kimi dəyərləndirilir.
Bu gün bəşəriyyətin qarşısında duran əsas vəzifələrdən biri fərqlilikləri qarşıdurma mənbəyinə deyil, qarşılıqlı zənginləşmə vasitəsinə çevirməkdir. Davamlı sülh, təhlükəsizlik və tərəqqi yalnız dövlətlərin birgə səyləri, qarşılıqlı hörmət və beynəlxalq hüquqa sadiqlik şəraitində mümkündür. Dialoq isə bu məqsədlərə aparan yolun mühüm tərkib hissəsidir.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal məsələlərin müzakirəsində fəal iştirakını, beynəlxalq əməkdaşlığa verdiyi önəmi və sülhə əsaslanan gələcəyə töhfə vermək əzmini bir daha ortaya qoydu. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər aydın mesaj verir: milli dəyərlərin qorunması, mədəniyyətlər arasında anlaşmanın gücləndirilməsi və beynəlxalq hüququn hamı üçün eyni prinsiplərlə tətbiqi daha təhlükəsiz, ədalətli və ortaq gələcəyin əsas şərtləridir.
Səxavət Həsənov
YAP Kəngərli rayon təşkilatının fəalı

.jpg)


.jpg)