Müharibə, quraqlıq və humanitar yardımların qarşısındakı maneələr Sudanda ərzaq böhranını dərinləşdirir. Beynəlxalq ictimaiyyət milyonlarla insanın aclıqla üzləşməsinin qarşısını almaq üçün təcili addımlar atılmasını tələb edir. ABŞ, Avropanın aparıcı dövlətləri və onlarla digər ölkə Sudanda ərzaq təhlükəsizliyinin pisləşməsi ilə bağlı xəbərdarlıq edərək münaqişə tərəflərini humanitar yardımların çatdırılmasına maneələri aradan qaldırmağa çağırıb.
ABŞ Dövlət Departamentinin açıqladığı birgə bəyanatda qarşıdakı aylarda ölkədə aclıq təhlükəsinin artdığı vurğulanıb. Sənəddə beynəlxalq maliyyə yardımının artırılması və humanitar ehtiyaclara uyğun olaraq maliyyə dəstəyi proqramlarının yenidən nəzərdən keçirilməsi də tələb olunur.
Beynəlxalq tərəfdaşların oktyabrın 23-də yaydığı bəyanata əsasən, Sudanda təxminən 19,5 milyon insan, yəni ölkə əhalisinin 41 faizi kəskin ərzaq çatışmazlığı ilə üzləşir. Onlardan təxminən 5 milyonu fövqəladə səviyyədə ərzaq təhlükəsizsizliyi şəraitində yaşayır.
Təcili tədbirlər görülməzsə, ağır kəskin qidalanma çatışmazlığından əziyyət çəkən uşaqların sayının 825 mini keçə biləcəyi bildirilir. Ərzaq təhlükəsizliyi baxımından riskli hesab edilən ərazilərin sayının da ilkin qiymətləndirmədə göstərilən 14 ərazidən iki dəfə çox ola biləcəyi gözlənilir.
Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında döyüşlər 2023-cü ilin aprelində başlayıb. Tərəflər arasında hakimiyyət və hərbi qüvvələrin gələcək statusu ilə bağlı fikir ayrılıqları genişmiqyaslı münaqişəyə səbəb olub. Döyüşlər milyonlarla insanı evindən didərgin salıb, səhiyyə infrastrukturuna, kənd təsərrüfatına və ərzaq təchizatı sisteminə ciddi ziyan vurub.
Böhranın dərinləşməsində təkcə müharibə deyil, iqlim amilləri də rol oynayır. El-Ninyo iqlim hadisəsi nəticəsində yağıntıların azalması və quraqlığın güclənməsi ölkənin yarıdan çox hissəsində vəziyyəti ağırlaşdırıb. Əkin sahələrinin zərər görməsi, məhsuldarlığın azalması və heyvanlar üçün otlaq və su ehtiyatlarının çatışmazlığı ərzaq istehsalını zəiflədir.
Bundan əlavə, humanitar yardımların çatdırılmasına qoyulan məhdudiyyətlər böhranla mübarizəni çətinləşdirir. Yardım təşkilatları ərzaq və tibbi ləvazimatları ehtiyacı olan insanlara çatdırmaq üçün təhlükəsiz və maneəsiz marşrutlara ehtiyac duyurlar.
Beynəlxalq bəyanatda münaqişə tərəflərindən humanitar əməliyyatlara bütün cəbhə xətləri və sərhədlər vasitəsilə icazə vermək tələb olunur. Xüsusilə Darfur bölgəsinə hava yolu ilə yardım çatdırılmasının təmin edilməsi vacib sayılır. Bu, həm zəruri ərzaq və tibbi ləvazimatların daha sürətli çatdırılmasına, həm də ehtiyac yarandıqda yardım işçilərinin təxliyəsinə imkan verə bilər.
Ölkələr humanitar əməkdaşların təhlükəsizliyinin təmin edilməsinə, viza və gömrük prosedurlarında gecikmələrin azaldılmasına, yardım fəaliyyətini ləngidən əlavə bürokratik tələblərin aradan qaldırılmasına çağırıblar. Bəyanatda mülki infrastruktura, o cümlədən kənd təsərrüfatı və ərzaq sistemlərinə hücumların dayandırılmasının vacibliyi də vurğulanır. Çünki bu obyektlərin zədələnməsi əhalinin əsas ehtiyaclarının ödənilməsinə birbaşa təsir göstərir.
Beynəlxalq ictimaiyyət humanitar ehtiyacların artmasına uyğun olaraq maliyyələşdirmənin təcili şəkildə genişləndirilməsini istəyir. İnkişaf və maliyyə institutlarına isə mövcud proqramlarını ərzaq böhranının miqyasına uyğunlaşdırmaq və ən çox ehtiyacı olan ərazilərə üstünlük vermək tövsiyə olunur.
Qarşıdakı qış əkin mövsümünün dəstəklənməsi və yerli icmaların təşəbbüslərinə yardım göstərilməsi böhranın daha da dərinləşməsinin qarşısını almaq üçün vacib addımlar hesab edilir. Sudandakı vəziyyət müharibə ilə iqlim dəyişikliklərinin bir-birini necə gücləndirə bildiyini göstərir. Ərzaq istehsalının azalması, insanların yurdlarından didərgin düşməsi və humanitar yardımların məhdudlaşması eyni vaxtda baş verdikdə milyonlarla insanın həyatı təhlükə altına düşür.
Beynəlxalq ictimaiyyətin xəbərdarlığı göstərir ki, böhranın qarşısını almaq üçün yalnız maliyyə yardımının artırılması kifayət deyil. Münaqişə tərəflərinin humanitar yardımlara maneələri aradan qaldırması, mülki əhalinin qorunması və ərzaq istehsalının bərpası istiqamətində real addımlar atması da həyati əhəmiyyət daşıyır.
Lalə Mehralı






