Azərbaycanda bitki və heyvan mənşəli piy və yağların idxalında artım müşahidə olunur. Bu ilin ilk doqquz ayında ölkəyə 223,6 milyon dollar dəyərində 139,4 min ton məhsul idxal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxalın həcmi 21,1 faiz, dəyəri isə 27,7 faiz artıb.
Bəs ölkəyə daha çox yağ gətirildiyi halda, pərakəndə satış qiymətləri niyə ucuzlaşmır? Yaxın aylarda daxili bazarda qiymətlərin enməsi mümkündürmü?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, idxalın həm həcm, həm də dəyər baxımından artması məhsulların daxili bazarda avtomatik ucuzlaşması demək deyil:

“Qiymətlər yalnız idxal olunan məhsulun miqdarından deyil, alış dəyəri, daşınma, sığorta, gömrük, anbar, qablaşdırma və satış xərclərindən də asılıdır. Bu il idxalın həcmi 21,1 faiz, dəyəri isə 27,7 faiz artıb. Bu isə məhsulların orta idxal dəyərinin də yüksəldiyini göstərir. Başqa sözlə, ölkəyə daha çox yağ gətirilsə də, həmin məhsullar əvvəlki dövrlə müqayisədə daha baha başa gəlib”.
İqtisadçı qeyd edib ki, idxalın artması bazarda rəqabətin güclənməsi anlamına gəlmir:
“Əgər idxal əsasən bir neçə böyük şirkətin əlində cəmləşirsə və ya satış bazarında rəqabət məhduddursa, əlavə məhsul təklifi qiymətlərin aşağı düşməsinə kifayət etməyə bilər. Pərakəndə satış qiymətlərinə topdansatış şirkətlərinin və ticarət şəbəkələrinin tətbiq etdiyi əlavələr də təsir göstərir. İdxal olunan məhsulların çeşidi də qiymətlərin formalaşmasında mühüm rol oynayır. Belə ki, bitki yağları, marqarin və heyvan mənşəli piylər fərqli qiymət kateqoriyalarına aiddir. İdxalın artması daha bahalı məhsulların hesabına baş verə bilər ki, bu da ümumi göstəricilərin yüksəlməsinə baxmayaraq, konkret məhsulların ucuzlaşmasına səbəb olmur".
Ekspertin fikrincə, əsas məsələ idxalın artmasının daxili bazarda rəqabətə necə təsir göstərməsidir:
“Əgər idxal həcminin genişlənməsi istehlakçı üçün real qiymət üstünlüyü yaratmırsa, deməli, bu artımın faydası pərakəndə bazara tam ötürülmür. Qiymət zəncirinin bütün mərhələlərində xərclərin və ticarət əlavələrinin araşdırılması, bazarda rəqabət mühitinin gücləndirilməsi vacibdir. Əks halda idxalın artması istehlakçının daha ucuz məhsul əldə etməsinə deyil, sadəcə bazara daha çox məhsul daxil olmasına xidmət edəcək”.
Şahanə Ziyad
Sfera.az






