Ukrayna və NATO arasında silahların inkişafı və innovativ hərbi texnologiyaların tətbiqi sahəsində əməkdaşlığı genişləndirən anlaşma memorandumu imzalanıb.
Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın NATO yanında Daimi Nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, memorandum Ukraynaya NATO-nun mülki texnologiyaların hərbi məqsədlərə uyğunlaşdırılması və ikili təyinatlı texnologiyaların inkişafı, maliyyələşdirilməsi və tətbiqinə dəstək göstərən DIANA proqramına çıxış imkanı verir.
DIANA Fondu ilə Ukrayna Müdafiə Nazirliyi arasında imzalanan sənəd Ukrayna şirkətləri və startaplarının NATO-ya üzv ölkələrdə keçirilən tenderlərdə iştirakına, qrantlar əldə etməsinə, eləcə də 200-dən çox sınaq və test mərkəzindən yararlanmasına şərait yaradacaq.
Memorandumun Ukraynanın müdafiə sənayesində innovasiyaların inkişafına və NATO ölkələri ilə texnoloji əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az






