Türkiyəli aktrisa Özge Özpirinçci ölkənin serial sektorunda yaşanan iqtisadi çətinliklərlə bağlı açıqlaması ilə diqqət çəkib.
Aktrisa bildirib ki, yaranmış problemlərin həllini yalnız baş rol ifaçılarının qonorarlarının azaldılmasında axtarmaq düzgün deyil.
Sfera.az xəbər verir ki, Özpirinçci reklam büdcələrinin azalmasının televiziya sektoruna təsirlərindən danışıb. Onun sözlərinə görə, serial sənayesi təkcə məşhur aktyorların deyil, minlərlə insanın dolanışıq mənbəyidir.
“Bu, sadəcə maqazin mövzusu deyil. Minlərlə insanın çörək ağacı olan bir sektordan söhbət gedir”, – deyə aktrisa vurğulayıb.
Özpirinçci hesab edir ki, iqtisadi çətinliklərin aradan qaldırılması üçün yalnız baş rol aktyorlarından qonorarlarını azaltmaq və ya növbəti mövsüm maaş artımından imtina etmək tələb olunması kifayət deyil.
Aktrisa bu cür addımların “fədakarlıq” kimi təqdim edilməsini də doğru hesab etmədiyini bildirib. Onun fikrincə, problemin həlli daha geniş yanaşma tələb edir.
Qeyd edək ki, Türkiyə serial sektorunda reklam gəlirlərinin azalması və istehsal xərclərinin yüksək olması son günlər müzakirə mövzusuna çevrilib. Bəzi ekran işlərinin yeni bölümlərinin yayımının təxirə salınması da sektordakı maliyyə çətinliklərini yenidən gündəmə gətirib.
Fatimə
Sfera.az






