Dünya · Sfera.az

Qırmızı dənizdə eskalasiya: Husilər bütün gəmiləri vuracaq?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qırmızı dənizdə eskalasiya: Husilər bütün gəmiləri vuracaq? xəbəri üçün şəkil

ABŞ və İsrailin İranla mümkün hərbi qarşıdurması fonunda Yəməndə husilərin fəaliyyəti də diqqət mərkəzinə gəlir. İranla yaxın əlaqələri olan husilərin münaqişəyə qoşulması Qırmızı dənizdə təhlükəsizlik vəziyyətini gərginləşdirə və beynəlxalq gəmiçiliyə təsir göstərə bilər.

Noyabrın 2-də Avropa İttifaqı husilərin hərbi eskalasiyasını və Səudiyyə Ərəbistanına hücumlarını pisləyərək Bab-əl-Məndəb boğazında gəmiçiliyin təhlükəsizliyinin qorunmasının vacibliyini vurğulayıb.

Bəs ABŞ və İsrailin İranla müharibəyə başlaması husilərin mövqeyinə necə təsir edə bilər? Onlar Bab-əl-Məndəb boğazını tam bloklamaq imkanına malikdirmi?

Politoloq Həşim Səhrablı Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ və İsrailin İranla müharibəyə başlaması husilərin mövqeyində ciddi dəyişiklik yaratmayacaq.

Onun sözlərinə görə, husilər indiyədək İranla koordinasiyalı hərəkət ediblər və mümkün müharibə zamanı da eyni xətti davam etdirəcəklər.

Qırmızı dənizdə eskalasiya: Husilər bütün gəmiləri vuracaq?

Politoloq qeyd edib ki, bu halda husilərin hücumlarının miqyası və xarakteri dəyişə, daha radikal addımlar atıla bilər. Lakin H.Səhrablı husilərin Bab-əl-Məndəb boğazını tamamilə bağlayacağını düşünmür:

“Boğazın tam bağlanması husilərə qarşı cəbhənin genişlənməsinə səbəb ola bilər. Çünki Bab-əl-Məndəbdən yalnız ABŞ və İsrailə, yaxud sahilyanı ölkələrə aid gəmilər keçmir. Beynəlxalq ticarətdə mühüm rol oynayan bu marşrutdan digər dövlətlərin də gəmiləri istifadə edir. Buna görə də belə bir addım münaqişəyə aidiyyəti olmayan ölkələrin də narazılığına səbəb ola bilər”.

H.Səhrablı hesab edir ki, husilər daha çox ABŞ, İsrail və onların müttəfiqlərinə məxsus mülki və hərbi gəmilərə hücumları artırmağa çalışacaqlar. O bildirib ki, bununla husilər həmin ölkələrin bölgədə hərəkətini çətinləşdirmək və gəmiçiliyə maneələr yaratmaq istəyəcəklər:

“Bütün gəmiləri hədəfə almaq husilərdən ciddi hərbi-texniki imkanlar tələb edir. Eyni zamanda, hücumların miqyasını həddindən artıq artırmaq ABŞ və İsrailin husiləri birbaşa hərbi hədəfə çevirməsinə gətirib çıxara bilər.

Husilərin əsas məqsədi İrana dəstək vermək, ona qarşı hərbi təzyiqi müəyyən qədər azaltmaq və yeni gərginlik ocaqları yaratmaqdır. Bununla da diqqətin yalnız İrana yönəlməsinin qarşısını almağa çalışacaqlar”.

İradə Elsevər

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑