Dünya enerji bazarında neft qiymətləri oktyabrda yenidən kəskin artım tendensiyası nümayiş etdirir. Xüsusilə Yaxın Şərqdə gərginliyin artması, neft daşımalarının təhlükə altına düşməsi və ABŞ-nin Meksika körfəzində hasilatın müvəqqəti azalması bazarda təklif çatışmazlığı ilə bağlı narahatlıqları gücləndirib. “Brent” markalı neftin qiyməti 4,69 faiz artaraq bir barel üçün 104,9 dollara, “Light” neftinin qiyməti isə 4,23 faiz artaraq 92,51 dollara yüksəlib.
Sfera.az xəbər verir ki, neft qiymətlərinin yüksəlməsində ən mühüm amillərdən biri Yaxın Şərqdə davam edən münaqişədir. ABŞ ordusuna İrana mümkün yeni hücumlara hazırlıqları tamamlamaq tapşırığı verildiyi xəbəri neft qiymətlərinin yüksəlməsinə təsir göstərir.
Region dünya neft ticarətinin əsas mərkəzlərindən biridir və burada yaranan hər hansı ciddi risk bazarda dərhal qiymət artımına səbəb olur. Xüsusilə Hörmüz boğazı böyük əhəmiyyət daşıyır. Bu marşrutdan dünya neftinin təxminən 20 faizi keçir. Gəmilərə hücumların artması isə bazarda neft ixracının daha da məhdudlaşa biləcəyi ilə bağlı narahatlıq yaradıb.
Bazar iştirakçıları üçün əsas problem yalnız faktiki neft itkisi deyil, həm də gələcəkdə təchizatın pozulması ehtimalıdır. Buna görə də treyderlər əvvəlcədən neft almağa başlayır və nəticədə qiymətlər yüksəlir. Neftin qiymətini müəyyən edən əsas prinsiplərdən biri tələb və təklif arasındakı balansdır. Təklif azaldıqda, digər şərtlər dəyişməz qalarsa, qiymət yüksəlir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, bu ilin avqustunda qlobal neft tədarükü aylıq müqayisədə 1,6 milyon barel azalaraq 100,1 milyon barelə olub. Yaxın Şərqdə təhlükəsizlik riskləri səbəbindən 10 milyon bareldən çox hasilat müvəqqəti olaraq dayandırılıb.
ABŞ Enerji İnformasiya Administrasiyası isə sentyabr ayında neft hasilatının müvəqqəti dayandırılmasının orta hesabla 4,8 milyon barel olduğunu bildirir. Agentlik cari ilin son rübündə bu göstəricinin orta hesabla 4,5 milyon barel olacağını proqnozlaşdırır. Bu rəqəmlər göstərir ki, bazardan milyonlarla barel neftin müvəqqəti çıxarılması qiymətlərin yüksəlməsinə ciddi təzyiq göstərir.
Digər mühüm səbəb dünyada strateji neft ehtiyatlarının azalmasıdır. Ehtiyatlar bazarın gözlənilməz təchizat problemlərinə qarşı əsas “təhlükəsizlik yastığı” rolunu oynayır. IEA-nın məlumatına əsasən, avqustda qlobal neft ehtiyatları 95 milyon barel azalıb. Fevral ayından etibarən ümumi azalma isə 507 milyon barelə olub. Bu, orta hesabla gündə 2,8 milyon barel ehtiyat itkisi deməkdir. Ehtiyatların azalması bazarı daha həssas vəziyyətə gətirir. Yəni gələcəkdə yeni bir münaqişə, boru kəmərində qəza və ya tanker daşımalarında problem yaranarsa, bazarın həmin itkini kompensasiya etmək imkanları azalır.
IEA bildirir ki, Hörmüz boğazının bağlanması nəticəsində daşıma riskləri artdıqca tankerlərin sığortası və digər nəqliyyat xərcləri də yüksəlir. Bu isə neftin son alıcı üçün maya dəyərini artırır.
Qiymət artımının digər səbəbi ABŞ-nin Meksika körfəzindəki neft hasilatına təsir edən qasırğa təhlükəsidir. Oktyabrın əvvəlində qasırğa səbəbindən Meksika körfəzində neft hasilatının 25 faizdən çoxu müvəqqəti dayandırılıb. Bu da dünya bazarında onsuz da gərgin olan təklif balansına əlavə təzyiq yaradıb.
Dünya bazarında neftin qiymətinin artmasını yalnız bir səbəblə izah etmək mümkün deyil. Hazırkı bahalaşmanın arxasında əsasən Yaxın Şərqdə geosiyasi gərginlik, Hörmüz boğazında daşımaların təhlükə altına düşməsi, hasilatın milyonlarla barel azalması, qlobal ehtiyatların 507 milyon barel azalması və ABŞ-də hava şəraitinin hasilata təsiri dayanır. Əsas məsələ isə bazarın psixoloji reaksiyasıdır. Neftin faktiki çatışmazlığı ilə yanaşı, gələcəkdə çatışmazlıq yarana biləcəyi qorxusu da qiymətləri yüksəldir. Buna görə də geosiyasi vəziyyət sabitləşmədiyi və neft təchizatının əvvəlki səviyyəyə tam qayıtması təmin olunmadığı müddətdə qiymətlərin yüksək və dəyişkən qalması ehtimalı böyükdür.
IEA 2026-cı ildə qlobal neft təklifinin orta hesabla 100,7 milyon barel olacağını və əvvəlki illə müqayisədə 5,7 milyon barel azalacağını proqnozlaşdırır. Eyni zamanda, agentlik bu ilin son rübündə “Brent” markalı neftin orta qiymətinin 105 dollar səviyyəsində olacağını proqnozlaşdırıb.
Beləliklə, neft bazarında qiymətlərin gələcək istiqaməti əsasən Yaxın Şərqdə münaqişələrin gedişindən, Hörmüz boğazından neft daşımalarının bərpasından və hasilatın nə qədər sürətlə əvvəlki səviyyəyə qayıtmasından asılı olacaq.






