İqtisadiyyat · Sfera.az

Kredit gecikəndə qohumlara zəng edilir: Bu qanunidirmi?

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kredit gecikəndə qohumlara zəng edilir: Bu qanunidirmi? xəbəri üçün şəkil

Vətəndaşların kreditlərlə bağlı ən çox şikayət etdiyi məsələlərdən biri ödənişlərdə gecikmə yarandığı zaman bank əməkdaşlarının onun ailə üzvlərinə zəng etməsidir. Bəzi hallarda vətəndaşlar kredit götürərkən ailə üzvlərinin əlaqə nömrələrini banka təqdim etmədiklərini, buna baxmayaraq onların yaxınlarına zəng edildiyini bildirirlər. Bu isə bankın müştərinin kredit borcu ilə bağlı məlumatlarını onun razılığı olmadan üçüncü şəxslərə açıqlaması məsələsini gündəmə gətirir.

Borcalan kredit götürərkən ailə üzvünün telefon nömrəsini banka təqdim etməyibsə, bank əməkdaşının həmin şəxsin nömrəsini başqa mənbədən əldə edib ona zəng etməsi qanunvericiliyə uyğundurmu?

Bu haqda hüquqşünas, bank eksperti Əkrəm Həsənov Sfera.az-a açıqlama verib. O, bu prosesin ümumiyyətlə qanunazidd olduğunu deyib:

“Əlbəttə ki, vətəndaş borcalan zaman ailə üzvünün və ya başqa hər hansı şəxsin telefon nömrəsini əlaqə nömrəsi kimi təqdim etməyibsə, bu halda bank həmin şəxslə əlaqə saxlayaraq borcalanın kredit öhdəliyi barədə məlumat verə bilməz. Çünki vətəndaşın bankın müştərisi olması, onun bankdakı hesabları, həyata keçirdiyi əməliyyatlar və digər bu kimi məlumatlar bank sirri hesab olunur. Bu məlumatların üçüncü şəxslərə açıqlanması yolverilməzdir”.

Ekspert bildirib ki, 8-9 il əvvəl, devalvasiyadan sonra belə hallarla bağlı kifayət qədər çox şikayət olurdu:

“Banklar borcalanlara zəng etməklə yanaşı, bəzən onların yaşadığı binanın blokunda elanlar yerləşdirir, həmin şəxsin banka borcu olduğunu bildirirdilər. Hətta bəzi hallarda vətəndaşların iş yerlərinə, qohumlarına və digər yaxınlarına da zəng edilirdi. Mən həmin vaxt da vətəndaşlara bu cür hallarla bağlı hüquqlarını müdafiə etməyi tövsiyə etmişdim. Bəzi vətəndaşlar bununla bağlı məhkəməyə müraciət etdilər və onlara vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etdilər. Məhkəmələr də müxtəlif qərarlar qəbul edirdilər. Yadımdadır ki, bəzi işlər üzrə banklardan 300, 500 manat, hətta bir iş üzrə, səhv etmirəmsə, 1000 manat məbləğində mənəvi zərərin əvəzi tutulmuşdu. Yəni məhkəmə vətəndaşın tələbini təmin edərək həmin vəsaitin onun xeyrinə ödənilməsinə qərar vermişdi.

Bu gün də vətəndaşların belə hallarla üzləşdikləri təqdirdə məhkəməyə müraciət etmək hüququ var. Eyni zamanda, məsələ ilə bağlı Mərkəzi Banka da şikayət edə bilərlər. Çünki bankın borcalanın kredit öhdəliyi barədə məlumatı onun əlaqə nömrəsi kimi təqdim etmədiyi üçüncü şəxslərə açıqlaması və bu şəkildə həmin şəxslərlə əlaqə saxlaması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər”.

Bəsti Rəfizadə

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑