Dünya · Sfera.az

İsrail İranı vurmağa fürsət axtarır? – AÇIQLAMA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrail İranı vurmağa fürsət axtarır? – AÇIQLAMA xəbəri üçün şəkil

İsrailin İrana qarşı mümkün hərbi əməliyyatları yenidən gündəmə gəlib. İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamirin gələn həftə Knessetdə keçiriləcək seçkilərdən əvvəl İrana zərbələrin bərpası üçün əməliyyat zərurətinin olmadığını düşündüyü bildirilir. Bu isə İsrailin mümkün hücumunun seçkilərdən sonraya saxlanıla biləcəyi ehtimalını gündəmə gətirir.

Bəs mümkün hücum regionda hansı nəticələrə səbəb ola bilər?

Politoloq Elşad Mirbəşiroğlu Sfera.az-a açıqlamasında bildirib ki, mövcud məlumatlar İranla İsrail arasında hərbi qarşıdurmanın yenidən baş verməsi ehtimalını gündəmdə saxlayır.

Bununla belə, ekspert genişmiqyaslı müharibədən daha çox, qısamüddətli və lokal zərbələrin mümkünlüyünü istisna etmir:

“ABŞ Prezidenti Donald Trampın açıqlamaları Vaşinqtonun hazırkı mərhələdə danışıqları başa çatdırmağa üstünlük verdiyini göstərir. Trampın ABŞ-də keçiriləcək aralıq seçkilərə qədər İrana hücum olmayacağı ilə bağlı mövqeyi də diqqət çəkir. Bununla yanaşı, İsrail rəsmilərinin açıqlamaları seçkilərdən sonra hərbi əməliyyatların yenidən gündəmə gələ biləcəyi ehtimalını artırır. Ancaq bu, hücumun mütləq baş verəcəyi anlamına gəlmir”.

İsrail İranı vurmağa fürsət axtarır? – AÇIQLAMA

Politoloq qeyd edib ki, mümkün hərbi əməliyyatlarla bağlı yekun qərarda ABŞ prezidentinin mövqeyi həlledici ola bilər. O düşünür ki, Vaşinqton və Təl-Əviv arasında zərbələrlə bağlı məsləhətləşmələrin aparıldığına dair məlumatlar da bu məsələdə iki ölkənin mövqeyinin əhəmiyyətini göstərir:

“İranın hərbi imkanlarını qoruması və arsenalını yeniləməsi ehtimalı mümkün hücumun nəticələrini əvvəlcədən dəqiq proqnozlaşdırmağı çətinləşdirir. İran zərbələrə cavab verərsə, qarşıdurma daha geniş miqyas ala bilər. Tehran tərəfinin mümkün cavab tədbirləri sırasında hərbi obyektlərlə yanaşı, mühüm infrastrukturun da hədəfə çevrilə biləcəyinə dair xəbərdarlıqları vəziyyətin risklərini artırır”.

Ekspert vurğulayıb ki, hətta lokal hərbi toqquşma belə, regionda ciddi gərginliyə səbəb ola bilər:

"Belə bir ssenari yalnız İran və İsraillə məhdudlaşmaya, Körfəz ölkələrinə və dünya enerji bazarına da təsir göstərə bilər. Yaxın Şərqdə gərginliyin artması enerji təchizatı və qlobal bazarlarda əlavə risklər yarada bilər. Əvvəlki zərbələrin İranın hərbi potensialını tamamilə aradan qaldırmadığı nəzərə alınmalıdır. Buna görə də yeni hücumun nəticələri ilə bağlı ciddi hesablamalar aparılmalı, mümkün cavab zərbələrinin və eskalasiyanın doğura biləcəyi təhlükələr qiymətləndirilməlidir”.

İradə Elsevər

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑