İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığında İrana mümkün yeni hücumlardan bəhs edərək “Bizim tamamlamalı olduğumuz bir işimiz var” deyib.
Tezadlar.az xəbər verir ki, Baş nazir Netanyahu ABŞ-da yerləşən X sosial media platformasındakı hesabında Prezident Trampla telefon danışığının videosunu yayımlayıb.
27 oktyabrda keçiriləcək İsrail seçkilərində Trampa verdiyi dəstəyə görə təşəkkür edən Netanyahu İrana mümkün yeni hücumlardan bəhs edərək deyib: “Donald, İranda tamamlamalı olduğumuz bir işimiz var. Bunu dedin və biz birlikdə bitirəcəyik. Başqa heç kim bunu etməyəcək”.
Netanyahu əlavə olaraq ABŞ ilə birlikdə işləməyin İsraillə normallaşmanı da əhatə edən İbrahim Sazişlərinə daha çox ölkənin qoşulmasına səbəb olacağını iddia edərək deyib: “ABŞ-dakı insanlar bilməlidirlər ki, siz onlar üçün ən böyük təhlükə olan nüvə İranına qarşı durmusunuz”.
Tramp seçkilərdə Netanyahunu dəstəklədiyini bildirən mətni şəxsən özü yazdığını bildirərək, “Sən döyüşçüsən. Öz ölkən və yəqin ki, başqaları tərəfindən haqsızlığa məruz qalıbsan… Amma sən əla döyüşçüsən və biz bunu sübut edəcəyik” deyib.
Tramp əlavə edib: “Mən bu dəstəyi lap əvvəldən verməli idim. Aydındır ki, düşünürəm ki, sən böyük qələbə qazanacaqsan. Sən mənim yanımda olmasını istədiyim insansan, Bibi (Netanyahu).”
ABŞ prezidenti Donald Tramp 27 oktyabrda İsraildə keçiriləcək seçkilərdə İsrailin Baş naziri Benyamin Netanyahunu dəstəklədiyini açıqlamışdı.
Sosial media hesabında “Böyük İsrail xalqına” başlıqlı paylaşımda Tramp Netanyahunun İrana qarşı mübarizədə “böyük döyüşçü” və ABŞ-nin “böyük sülh tərəfdaşı” olduğunu iddia edib.
O, İrana müraciət edərək deyib: “Əgər onlar tez bir zamanda yollarını dəyişməsələr, işi tezliklə bitirəcəyik”. Tramp bildirib ki, əgər İsrail Netanyahunun yerinə başqa bir lider seçsəydi, ABŞ bunu özü etməli olacaqdı, baxmayaraq ki, bunu etmək niyyətində deyildi.
ELBAR






