ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa yerləşdirilib. Təxminən dörd saat sonra sağ olduğu aşkarlanan Vinsent adlı uşağın səhhətinə gecikmiş tibbi müdaxilə səbəbindən ciddi və qalıcı zərər dəyib.
Sfera.az xəbər verir ki, hadisə fevralın 8-də ailəsinin evindəki hovuzda huşunu itirən körpənin xəstəxanaya çatdırılması ilə başlayıb.
Məlumata görə, “Medical Center” xəstəxanasında çalışan həkim Arian Tusi tibb bacısının körpədə nəbz olduğunu bildirməsinə baxmayaraq, vəziyyəti yenidən yoxlamaqdan imtina edib. Həkim qan analizinin nəticələrini əsas gətirərək uşağı ölü elan edib.
Polis əməkdaşının da körpədən nəfəsalma səsləri eşitdiyini bildirərək xəbərdarlıq etməsinə baxmayaraq, uşaq axşam saatlarında xəstəxananın morquna aparılıb. Təxminən dörd saat sonra məhkəmə-tibbi ekspertizası əməkdaşı müayinə zamanı körpənin nəfəs aldığını və sağ olduğunu aşkar edib. Uşaq daha sonra Feniks şəhərindəki başqa bir xəstəxanaya köçürülərək müalicəyə alınıb.
Lakin iddiaya görə, morqda oksigensiz və tibbi müdaxiləsiz keçirdiyi saatlar uşağın sağlamlığına ağır zərər vurub. Hadisədən səkkiz ay sonra, iki yaşına çatan Vincentin yeriyə, danışa və müstəqil otura bilmədiyi, yalnız xüsusi qidalanma borusu vasitəsilə qidalandığı bildirilir.
Uşağın ailəsi baş verən hadisə ilə əlaqədar xəstəxanaya və məsul əməkdaşlara qarşı hüquqi proses başladıb.
İradə Elsevər






