İqtisadiyyat · Sfera.az

Bankların sayı azalır - Konsolidasiya nə vəd edir?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bankların sayı azalır - Konsolidasiya nə vəd edir? xəbəri üçün şəkil

Azərbaycanda bank sektorunda konsolidasiya prosesi yenidən aktuallaşıb. Son bir ildə bankların birləşməsi istiqamətində iki faktın qeydə alınması bu prosesin gələcəkdə də davam edə biləcəyi ilə bağlı müzakirələri gündəmə gətirib. Əvvəlki illərdə də bir neçə bankın birləşməsi təcrübəsi yaşansa da, əsas məsələ bu dəyişikliklərin bank sektorunun dayanıqlılığına, rəqabət mühitinə və müştərilərin maraqlarına necə təsir etməsidir.

Bəs bankların sayının azalması sektorun güclənməsinə xidmət edirmi və konsolidasiya davam edəcəkmi?

Bank eksperti Emin Kərimov Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanda bankların birləşməsi təcrübəsi yeni deyil.

Onun sözlərinə görə, xüsusilə 2000-ci illərin əvvəllərində bu cür proseslərə daha tez-tez rast gəlinirdi. Ekspert hazırda da bank sektorunda konsolidasiya nümunələri müşahidə olunduğunu vurğuladı:

“Kiçik bankların birləşərək daha böyük və universal bank yaratması sektor üçün daha səmərəli model hesab etmək olar. İri bankın kiçik bankı satın alaraq bazardakı mövqeyini daha da gücləndirməsi uzunmüddətli perspektivdə rəqabətin zəifləməsi riskini yarada bilər. Belə vəziyyətdə bazarda müəyyən bankların payı həddindən artıq arta, onların qiymət və xidmət şərtlərinə təsir imkanları genişlənir.

İki və ya üç kiçik bankın birləşərək daha güclü maliyyə qurumu formalaşdırması isə bazarda iri banklara alternativ yarada bilər. Bu, banklar arasında sağlam rəqabətin qorunmasına, xidmət keyfiyyətinin yüksəlməsinə, kredit şərtlərinin yaxşılaşmasına və müştərilərə daha innovativ maliyyə məhsullarının təqdim edilməsinə şərait yaradır”.

Bankların sayı azalır - Konsolidasiya nə vəd edir?

Ekspert bankların birləşməsinin digər mühüm tərəfinə də diqqət çəkib. O bildirib ki, bankların bağlanması yalnız maliyyə sektorunda baş verən dəyişiklik deyil, bütövlükdə ölkə iqtisadiyyatına təsir edən prosesdir:

“Çünki banklar həm çoxsaylı insanları işlə təmin edir, həm də dövlət büdcəsinə vergi və məcburi sosial ödənişlər həyata keçirirlər. Bankların fəaliyyətini dayandırması ilk növbədə yüksək ixtisaslı mütəxəssislərin işsiz qalmasına, büdcə daxilolmalarının azalmasına və iqtisadi aktivliyin zəifləməsinə səbəb ola bilər. Digər tərəfdən, belə hallar müştərilərin kredit kartları, depozitləri və digər maliyyə öhdəlikləri ilə bağlı problemlər yarada bilər”.

E.Kərimov vurğulayıb ki, bank sektorunun digər iqtisadi sahələrlə müqayisədə dəyişikliklərə daha həssas olması bu sahədə sabitliyin qorunmasını xüsusi əhəmiyyətli edir. Onun fikrincə, bir bankın fəaliyyətində yaranan ciddi problem belə, sonrakı 3-5 il ərzində müxtəlif iqtisadi fəsadlarla müşayiət oluna bilər:

“Bu baxımdan bankların nəzarətsiz şəkildə fəaliyyətini dayandırması əvəzinə, onların birləşərək daha dayanıqlı və universal maliyyə qurumlarına çevrilməsi sektorun qorunması baxımından daha səmərəli yanaşma ola bilər. Konsolidasiya yalnız bankların sayının azalması deyil, həm də bazarda rəqabətin necə formalaşacağı, maliyyə xidmətlərinin əlçatanlığı və sektorun uzunmüddətli dayanıqlılığı baxımından əhəmiyyət daşıyır”.

İradə Elsevər

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑