İqtisadiyyat · Qaynarinfo.az

Gələcəkdə qazanc əldə etmək istəyənlər üçün: Bakı ətrafında hansı ərazilər bahalaşacaq?

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Gələcəkdə qazanc əldə etmək istəyənlər üçün: Bakı ətrafında hansı ərazilər bahalaşacaq? xəbəri üçün şəkil

Bakıda daşınmaz əmlak qiymətlərinin artması torpaq sahələrinə investisiya imkanlarını da gündəmə gətirir. Aşağı büdcəsi olan və ipoteka ilə ev alıb ödəniş etmək istəməyənlər üçün gələcəkdə qazanc əldə etməkərazinin düzgün seçilməsi isə mühüm əhəmiyyət daşıyır.

Bəs yaxın beş ildə Bakıətrafı hansı istiqamətlərdə torpaq sahələrinə tələbin artması gözlənilir və investisiya edərkən nələrə diqqət yetirilməlidir?

Əmlak eksperti Fərid Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, torpaq sahəsinə investisiya edərkən yalnız mövcud qiymət artımını deyil, ərazinin gələcək inkişaf perspektivlərini də nəzərə almaq lazımdır:

“İlk növbədə, daşınmaz əmlak bazarında müşahidə olunan qiymət artımını düzgün qiymətləndirmək lazımdır. Mənzil, fərdi yaşayış evi və torpaq bazarı eyni dinamikaya malik deyil. Torpaq sahələrinin qiymətinə yalnız mövcud tələb deyil, həm də ərazinin şəhərsalma perspektivi, nəqliyyat əlçatanlığı, kommunikasiya xətləri, tikinti imkanları və gələcəkdə həmin ərazidə formalaşa biləcək iqtisadi aktivlik təsir göstərir.

Mənim fikrimcə, məsələn, 30 min manat kapitalı olan şəxs üçün torpaq investisiyası məqsədəuyğun ola bilər. Lakin burada əsas məsələ sadəcə torpaq almaq deyil, gələcəkdə həmin torpağa tələbin hansı səbəbdən artacağını əvvəlcədən müəyyən etməkdir”.

Ekspertin fikrincə, Masazır və Xırdalanın inkişaf edən hissələri investisiya üçün nəzərdən keçirilə biləcək istiqamətlərdəndir:

“Bu istiqamətin üstünlüyü artıq formalaşmış yaşayış məntəqələrinin, gündəlik xidmətlərin və Bakı ilə əlaqələrin mövcudluğudur. İnvestisiya baxımından yaşayış tikintisinin davam etdiyi, asfalt yola, suya, elektrikə və digər zəruri kommunikasiyalara yaxın sahələrə üstünlük vermək olar.

Xırdalanın mərkəzindən kənarda yerləşən, lakin nəqliyyat bağlantısı və yaşayış infrastrukturu baxımından əlverişli ərazilər də araşdırıla bilər. Burada əsas üstünlük gələcəkdə torpağı almağa hazır olan real alıcı kütləsinin mövcudluğudur”.

Fərid Cəfərli Sulutəpə və Binəqədi istiqamətində torpaq alarkən isə qiymətlə yanaşı, ərazinin xüsusiyyətlərinin də nəzərə alınmasını vacib sayır:

“Bu ərazilərdə əsas investisiya məntiqi şəhərə çıxış, mövcud yaşayış məntəqələrinə yaxınlıq və uyğun torpaq sahələrinin qiymət fərqidir. Lakin burada torpaq sahələrini yalnız ucuz olduğuna görə seçmək düzgün deyil.

Yolun vəziyyəti, relyef, kommunikasiya xərcləri, tikintiyə icazə imkanları və hüquqi sənədlər hər bir sahə üzrə ayrıca yoxlanılmalıdır”.

Ekspert Zabrat–Maştağa–Qala istiqamətinin də diqqətdə saxlanılmasını tövsiyə edir. O, bu ərazilərə marağın artmasına təsir göstərə biləcək amillərdən biri kimi nəqliyyat infrastrukturunun inkişaf perspektivini qeyd edir:

“Bu xəttə diqqət yetirməyin səbəblərindən biri nəqliyyat infrastrukturunun inkişaf perspektividir. 2025–2030-cu illər üzrə Bakı və ətraf ərazilərin nəqliyyat proqramında Zabrat–Maştağa–Bağlar və Bakıxanov–Binə–Qala dəmir yolu xətlərinin bərpası və stansiyalarla bağlı tədbirlər nəzərdə tutulub”.

Fərid Cəfərliin sözlərinə görə, Saray və Novxanı istiqamətinin uyğun hissələri də araşdırıla bilər:

“Bu istiqamətlərdə əsas məsələ yaşayış məntəqələrinin genişlənməsi, Bakı–Sumqayıt əlaqələri və infrastrukturun inkişafı ilə torpağa tələbin necə dəyişəcəyidir. Saray və Novxanı üzrə qiymətləndirmə apararkən ərazinin magistral yola yaxınlığı ilə yanaşı, gündəlik istifadə üçün əlverişli olub-olmamasına da baxmaq lazımdır”.

Ekspert Yeni Suraxanı–Hövsan istiqamətində isə yaşayış tələbinin, nəqliyyat əlaqələrinin və kommunal infrastrukturun vəziyyətinin əsas meyarlar olduğunu vurğulayır:

“Bu istiqamətdə investisiya qərarının əsası yaşayış tələbi, nəqliyyat əlaqələri və kommunal infrastruktur olmalıdır. Dəmir yolu bağlantısının yaxşılaşdırılması ilə bağlı planlar ərazinin ayrı-ayrı hissələrinə marağı artıra bilər”.

Fərid Cəfərli bildirir ki, heç bir ərazidə torpaq qiymətlərinin mütləq artacağına zəmanət vermək mümkün deyil. Buna görə də investisiya qərarı verərkən bir sıra mühüm göstəricilər nəzərə alınmalıdır:

“Birincisi, nəqliyyat əlçatanlığıdır. Ərazidən şəhər mərkəzinə və əsas iş yerlərinə çatmaq nə qədər rahatdırsa, həmin sahəyə yaşayış məqsədli tələbin formalaşması ehtimalı da bir o qədər yüksək ola bilər.

İkincisi, kommunal infrastrukturun vəziyyətidir. Elektrik, su, qaz, kanalizasiya və yol məsələlərinin həlli torpağın həm istifadəsinə, həm də gələcək satışına təsir edir.

Üçüncüsü, şəhərsalma perspektividir. Ərazidə yaşayış tikintisinin genişlənməsi, yeni yol bağlantıları və ictimai nəqliyyat imkanlarının yaxşılaşması uzunmüddətli tələbi dəstəkləyə bilər.

Dördüncüsü, bazar qiymətinin düzgün müəyyən edilməsidir. İnvestor yalnız elan saytlarında göstərilən qiymətlərə əsaslanmamalıdır. Eyni ərazidə oxşar ölçülü, eyni hüquqi statuslu torpaq sahələrinin qiymətləri müqayisə edilməli, mümkün olduqda faktiki alqı-satqı göstəriciləri araşdırılmalıdır.

Nəhayət, beşinci amil torpağın hüquqi statusudur. Azərbaycan qanunvericiliyinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı mühüm hüquqi şərtdir. Torpağın çıxarışı, təyinatı, sərhədləri və tikinti üçün yararlılığı ayrıca yoxlanılmalıdır”.

Günay İlqarqızı

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑