Ağ Evin aparat rəhbəri Syuzie Uaylsın qızı Keti Uayls Serb Respublikasının maraqlarını təmsil edən “Continental Strategy” lobbi şirkətinin tərəfdaşıdır.
Qaynarinfo xəbər verir ki, bu ilin fevralında şirkət onunla ayda 35 min dollar məbləğində ödənişi nəzərdə tutan müqavilə bağlayıb. Bu barədə “Financial Times” (FT) sənədlərə istinadən məlumat yayıb.
Araşdırmaya Keti Uaylsın sosial şəbəkələrdə paylaşdığı fotolar səbəb olub. Fotolarda o, əlində tüfəng tutaraq Serb Respublikasının yüksək vəzifəli naziri Jelko Budimirin yanında təsvir edilib.
“Continental Strategy” şirkətinin nümayəndəsi “CBS News” telekanalına Uaylsın avqust ayında bu bölgəyə səfər etdiyini təsdiqləyib. Lakin onun səfərinin ABŞ-dan olan müştəri üçün layihənin texniki-iqtisadi əsaslandırılması ilə əlaqəli olduğunu bildirib. Şirkət, həmçinin xanım Uaylsın ABŞ hakimiyyət orqanları qarşısında lobbiçilik fəaliyyəti ilə məşğul olmadığını vurğulayıb.
“Continental Strategy” iddia edir ki, Serb Respublikasının maraqlarını ABŞ hökuməti qarşısında müdafiə edən yeganə əməkdaşı Alehandro Qarsiyadır. O, 2024-cü ildə Donald Trampın seçki kampaniyasında rəhbər müavini vəzifəsində çalışıb.
Ağ Ev də yayılan fotoya münasibət bildirib. Qurumun nümayəndəsi “CBS News”a Syuzie Uaylsın qızı ilə iş məsələlərini müzakirə etmədiyini deyib.
Sentyabr ayında Syuzie Uayls Ağ Evdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü və keçmiş prezident Milorad Dodikin siyasi müttəfiqi Jelka Tsviynoviçi qəbul edib. Telekanalın məlumatına görə, görüş Alehandro Qarsiyanın xahişi ilə təşkil olunub.
Qeyd edək ki, Bosniya və Herseqovina iki qurumdan - Bosniya və Herseqovina Federasiyası (Xorvat-müsəlman) və Serb Respublikasından ibarətdir. Onların arasında beynəlxalq idarəçilikdə olan Brcko rayonu yerləşir. Hökumət sistemində üç əsas xalq təmsil olunur: boşnaklar (islam slavyanları), xorvatlar (katoliklər) və serblər (pravoslavlar). Hər bir qurumun öz konstitusiyası və icra orqanı var.
Aydın


