Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin keçmiş sevgilisi, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yaşko ona qarşı məhkəmədə iddia qaldırıb. O, Saakaşvilinin azyaşlı qızına görə valideynlik hüququndan məhrum edilməsini və aliment ödəməsini tələb edir.
Publika.az xəbər verir ki, bu barədə “Ukrainski Novosti” məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Yaşko məhkəmədən Saakaşvilinin onların azyaşlı qızı Jasminlə bağlı valideynlik hüquqlarına xitam verilməsini, həmçinin uşağın saxlanması üçün aliment tutulmasını istəyir. İddiaya əsasən, aliment Saakaşvilinin gəlirinin üçdə biri həcmində olmalı, lakin müvafiq yaşda olan uşaq üçün müəyyən edilmiş yaşayış minimumunun on mislini keçməməlidir. Ödənişin uşaq yetkinlik yaşına çatanadək davam etməsi tələb olunur.
İddia əvvəlcə Kiyevin Şevçenkovski Rayon Məhkəməsinə təqdim edilib, daha sonra Kiyev vilayətindəki Kiyevo-Svyatoşinski Məhkəməsinə göndərilib. İşə noyabrın 30-da baxılması nəzərdə tutulur.
Qeyd edək ki, Ukrayna mətbuatının daha əvvəl yaydığı məlumata görə, Yaşkonun bir yaşlı qızına Kiyevdə 5 milyon qrivna (təxminən 1 milyon manat) dəyərində mənzil və vergilərin ödənilməsi üçün əlavə 1 milyon qrivna hədiyyə edilib.
Akqabay




