Qara dənizdə gərginlik davam edərkən Türkiyənin Rusiyadan buğda idxalı kəskin azalıb. Oktyabrın ilk 10 günündə Türkiyəyə göndərilən Rusiya buğdasının həcmi ötən ilin eyni dövründəki 297 min tondan 37 min tona düşüb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Taxıl İttifaqının monitorinq hesabatında bildirilib.
Hesabata görə, Rusiyanın limanlarından taxıl ixracı da ciddi azalma ilə üzləşib. Oktyabrın ilk 10 günündə ümumi taxıl tədarükü ötən ilin eyni dövründəki 2,3 milyon tondan 436 min tona enib.
Rusiya Taxıl İttifaqının analitik departamentinin direktoru Yelena Tyurinanın sözlərinə görə, bu müddətdə buğda tədarükü 2 milyon tondan 427,4 min tona, arpa 233,5 min tondan 5,5 min tona, qarğıdalı isə 51 min tondan 2,7 min tona düşüb.
Rusiya ötən il 21 ölkəyə buğda göndərdiyi halda, bu ilin oktyabr ayının ilk 10 günündə ixrac coğrafiyası 12 ölkə ilə məhdudlaşıb. Ən böyük alıcı Misir olsa da, bu ölkəyə tədarük 633,5 min tondan 86,5 min tona enib. Əlcəzairə göndərilən buğdanın həcmi isə əksinə, 5,8 min tondan 60,3 min tona yüksəlib.
Bundan başqa, oktyabr ayında Rusiyadan Vyetnama buğda ixracı bərpa olunub və ölkəyə 48 min ton məhsul göndərilib.
Müəllif: Roza




