ABŞ Prezidenti Donald Tramp Kuba ilə mümkün razılaşmanın ölkənin “dostcasına ələ keçirilməsi” ilə nəticələnə biləcəyini deyib.
Globalinfo.az xəbər verir ki, Trampın sözlərinə görə, Kuba ciddi iqtisadi və humanitar problemlərlə üzləşib.
O iddia edib ki, ölkədə maliyyə vəsaiti, enerji resursları və ərzaq çatışmazlığı yaşanır. Bu səbəbdən Kuba hökuməti Vaşinqtonla danışıqlar aparır.
“Bu, dostcasına ələ keçirmə də ola bilər. Amma baş verməməsi də mümkündür. Bunun fərqi yoxdur, çünki onlar son nəfəslərini yaşayırlar. Onların nə enerjisi, nə də pulu var. Ciddi humanitar problemlərlə üzləşiblər”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, Vaşinqton Kubanı tərk edərək hazırda ABŞ-da yaşayan kubalılara da dəstək göstərəcək.
“Kubadan qovulan və ya orada daha pis rəftara məruz qalan, hazırda isə burada yaşayan insanlar üçün çox müsbət bir iş görə bilərik”, – deyə o vurğulayıb.
Tramp, həmçinin ABŞ və Kuba arasında hərbi güc tətbiq edilmədən razılaşma əldə olunmasının mümkünlüyünü də diqqətə çatdırıb.
Əliyar Xəlil




