“Barselona”nın sabiq futbolçusu Cerar Lopes braziliyalı Vinisius Juniorun yoxluğunda “Real Madrid”in daha balanslı oyun nümayiş etdirdiyini bildirib. O, Kataloniya təmsilçisinin əzəli rəqibinin Vinisius olmadan daha yaxşı təsir bağışladığını söyləyib.
Publika.az xəbər verir ki, bu barədə “Goal” nəşrinin Türkiyə versiyası məlumat yayıb.
Lopesin fikrincə, Vinisiusun meydanda olmadığı zaman “Real Madrid” futbolçuları daha çox qaçır və komandanın ümumi oyunu yaxşılaşır. Braziliyalı hücumçu “Vilyarreal”la oyunda baş verən hadisədən sonra aldığı dörd oyunluq cəza səbəbindən “Barselona” ilə El-Klasikoda iştirak edə bilməyib.
“Real Madrid”in sabiq futbolçusu və baş məşqçisi Xorxe Valdano isə Kilian Mbappenin çıxışını yüksək qiymətləndirib. O, fransalı hücumçunun həm qol vurmaq bacarığını, həm də komanda daxilində liderlik keyfiyyətlərini xüsusi vurğulayıb.
Valdano bildirib ki, liderlik yalnız kapitan sarğısı taxmaqla ölçülmür. Onun sözlərinə görə, müntəzəm olaraq komandasına qələbə qazandıran və qol vuran futbolçu meydanda böyük təsir gücünə malik olur.
Qeyd edək ki, Mbappe “Real Madrid”in heyətində keçirdiyi 13 oyunda 14 qol vurub və 3 məhsuldar ötürmə edib. “Barselona” ilə qarşılaşmada da dubl edən fransalı futbolçu Madrid klubunun 2:1 hesablı qələbəsində əsas rol oynayıb.
Lopes, həmçinin “Real Madrid”in müdafiəçisi Din Heysenin oyununu yüksək qiymətləndirərək onu El-Klasikonun ən yaxşı futbolçusu hesab edib.






