İtalyan aktrisa Monika Belluççi gözəlliyini sərt pəhrizlər və ağır məşqlərlə qoruyan məşhurlardan deyil. 62 yaşlı ulduz sağlam və baxımlı qalmağın əsasını düzgün qidalanma, ölçülü həyat tərzi və təbii qulluqda görür.
Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, Belluççi heç vaxt pəhriz saxlamadığını deyir. O, makaron, çörək və şərabdan imtina etmir, lakin əsas qaydasının ölçünü qorumaq və bədənini dinləmək olduğunu qeyd edib. Aktrisanın rasionunda tərəvəz, təzə balıq, avokado və zeytun yağı da yer alır.
Belluççi idman zalında saatlarla məşq etməyə üstünlük vermir. Onun əsas fiziki aktivliyi üzgüçülükdür. Belluççi həftədə bir neçə dəfə hovuzda üzür və ya gəzintilərə çıxır.
Belluççinin dəriyə qulluq rutini də sadədir. Səhərlər termal su və nəmləndirici kremdən istifadə edir, axşamlar isə makiyajını mütləq təmizləyir. Gündəlik həyatda ağır makiyajdan uzaq durur.
Aktrisanın baxımında təbii yağlar, xüsusilə zeytun yağı mühüm yer tutur. O, həmçinin dəriyə itburnu yağı tətbiq edir. Saçlarını həftədə təxminən iki dəfə yuyan Belluççi saç düzləşdirici vasitələrdən mümkün qədər uzaq durur.
Aktrisanın gözəllik rutinində ən diqqətçəkən üsullardan biri akupunkturdur. Belluççi kollagen istehsalını stimullaşdırmaq məqsədilə bu prosedurdan istifadə etdiyini bildirib.
Aktrisaya görə, qadını əslində gözəl edən əsas xüsusiyyətlərdən biri xoşbəxtlik və həyatı sevməkdir.
Müəllif: Roza






