Avstraliya parlamentinin üzvü Helen Heyns avtomobilin vurması nəticəsində ağır yaralanıb. Hadisənin qəsdən törədilmiş hücum ola biləcəyi ehtimal edilir.
Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, hadisə Viktoriya ştatının Vanqaratta şəhərində, deputatın seçki dairəsi üzrə ofisinin yaxınlığında baş verib.
Məlumata görə, bazar ertəsi Heyns avtomobilinin yaxınlığında olarkən “Toyota Land Cruiser” markalı avtomobil onu vurub. Ətrafdakı şəxslər sürücünü zərərsizləşdirərək polis gələnədək nəzarətdə saxlayıblar.
Polis hadisə ilə əlaqədar Heynsin təmsil etdiyi seçki dairəsində yaşayan 43 yaşlı kişini saxlayıb. Şübhəlinin avtomobilində bıçaq da aşkarlanıb. Viktoriya polisi Heynsin kritik vəziyyətdə olduğunu açıqlayıb.
Avstraliyanın Baş naziri Entoni Albanizi hadisənin qəsdən törədilmiş hücum kimi qiymətləndirildiyini, lakin motivin hələlik məlum olmadığını bildirib. İstintaqa birgə antiterror qrupu da cəlb olunub. Hadisə ilə bağlı araşdırma davam edir.
Müəllif: Roza



