Ölkə.az Baku TV-yə istinadən xəbər verir ki, aksiyanın keçirilməsinə səbəb Marneuli bələdiyyəsinin Yuxarı Saral kəndindən olan Aysun Quluyevanın ölüm səbəbinin aprel ayından bəri hələ də müəyyənləşdirilməməsidir.
Ailəsi bildirir ki, Aysun ölümündən əvvəl onlarla danışıb və davranışlarında hər hansı qeyri-adi hal müşahidə olunmayıb. Onunla hal-əhval tutan yaxınları çox keçmədən ölüm xəbərini alıblar. Gecə saat 02:00 radələrində ailə üzvlərinə zəng edilərək qızlarının hamam otağında asılmış vəziyyətdə tapıldığı bildirilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci - özünü öldürmə həddinə çatdırma maddəsi üzrə istintaq aparılır.
Aysunun valideynləri isə onun başqaları tərəfindən öldürüldüyünü düşündüklərini və bununla bağlı bir sıra sübutlara malik olduqlarını deyirlər.
"Övladımı öldürüblər, altı aydır ədalət tələb edirəm. Hər dəfə müraciət edəndə yalanlarla qarşılaşıram. Evin qapısında iki kilid var idi. Aşağıdakı kilidi açaraq evə daxil olan cinayətkarlar həmin gün köhnə yuxarı kilidi dəyişiblər. Evə üç yeni açar atıblar, onları da polisə təhvil vermişəm. Kilidin yenicə dəyişdirildiyi aydın görünür. Bütün bunları bilirlər. Övladımın ölüm səbəbini açmaq istəmirlər. Əlimdə çoxlu sübut var. Mən ədalət tələb edirəm", - mərhumun atası Tural Quluyev bildirib.


