"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
"Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim ediləcək.
Ölkə.az xəbər verir ki, layihə çərçivəsində növbəti material Saral kəndi haqqındadır.
XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir azərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: "tatarlar", "qafqaz tatarları", "türklər" və ya "müsəlmanlar". Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə "türklər", "türk-tatarlar", "islamlar" və ya "məhəmmədilər" adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı "azərbaycanlıların əcdadları", daha sonrakı dövr üçün isə "azərbaycanlılar" termini istifadə olunacaq.
Adları:
- çar dövründə - Saral
- sovet dövründə - Saral, Saralli
Kənd ən azı 160 il ərzində Saral adını daşıyıb. 1991-ci ilin avqustunda Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Nor Xaçakap qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.
Kənd haqqında qeydə XVIII əsr Osmanlı mənbəyində rast gəlinir.
XVIII əsrin ikinci yarısından kəndin ərazisi Kartli-Kaxetiya çarlığının tərkibində olub. 1801-ci ildə I Aleksandr "Gürcü xalqına" manifesti ilə, nəhayət, Kartli-Kaxetiya çarlığının ilhaqını təsdiqləyib: gürcü monarxiyası ləğv edilib, Şərqi Gürcüstan isə Rusiya imperiyasının tərkibinə daxil edilib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibində olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1908-ci ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1831-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 54 nəfər yaşayıb.
Qafqaz haqqında məlumat toplusu:
1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 539 nəfər yaşayıb.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 654 nəfər yaşayıb.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1897-ci ildə kənddə 763 nəfər yaşayıb, onlardan 754 nəfəri azərbaycanlıların əcdadları olub.
1909-cu ilə olan Qafqaz təqvimi:
1906-cı ildə kənddə 951 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası:
1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 951 nəfər yaşayıb.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.
Saral əlçatan yazılı mənbələrdə göstərilən dövrdə türk əhalisinin kütləvi qırğını haqqında məlumatın qeydə alınmadığı azsaylı kəndlərdən biri olub.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib. 1921-ci ilin əvvəllərində Ermənistanın sovetləşdirilməsi və qonşu Gürcüstanın bolşeviklər tərəfindən işğal edilməsi fonunda sərhəddən təxminən 40 km məsafədə yerləşən Saral kəndi erməni kommunistlərin özbaşınalığından çox əziyyət çəkib.
Kənd əvvəl Qarakilsə rayonunun tərkibində olub, rayon sonradan Kirovakan adlandırılıb. Sonralar kənd Spitak rayonuna aid edilib.
Erməni mənbələrinə görə, 1980-ci illərin sonlarına qədər kənddə, əsasən, azərbaycanlılar yaşayıblar.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1922-ci ildə kənddə 840 nəfər yaşayıb, onlardan 808 nəfəri azərbaycanlı olub.
1926-cı ildə kənddə 863 nəfər yaşayıb, onlardan 851 nəfəri azərbaycanlı olub.
1931-ci ildə kənddə 986 nəfər yaşayıb, onlardan 975 nəfəri azərbaycanlı olub.
Manvelyan A.P., Martirosyan G.M. Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi:
1959-cu ildə kənddə 1 879 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:
1970-ci ildə kənddə 1 826 nəfər yaşayıb.
1979-cu ildə kənddə 1726 nəfər yaşayıb.
Britaniyalı jurnalist və qafqazşünas Tomas de Vaalın "Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabında qeyd edilir ki, Saral kəndinin azərbaycanlı əhalisi 1988-ci ilin noyabrında Ermənistan SSR-in güc strukturları nümayəndələrinin və silahlı dəstələrin təzyiqi altında zorakılıqla qovulub.
1964-cü ildə Saral kəndində anadan olmuş və 1988-ci ilədək orada yaşamış Firuzə Məmmədova xatırlayır: "Bir gecənin içində ermənilər bizim kəndə avtobuslar göndərdilər ki, biz avtobuslara oturub kəndi boşaltmalıyıq və özümüzlə də heç nə götürməməliyik. Biz heç nə götürə bilmədik və avtobuslara oturduq. Ancaq özümüz və uşaqlarımız. Ancaq bir-iki dəst yorğan-döşək götürə bildik, uşaqlarımız yolda üşüməsinlər deyə. Cəmi 25-30 avtobus vermişdilər. Atam bizim avtobusun sürücüsünə söz vermişdi ki, bizim uşağı Qazaxa çatdır, qızımın evində olan mebeli, cer-cehizi sənə verəcəyəm. Kəndin çıxışında benzindoldurma məntəqəsi var idi. Biz oraya çatanda içərisində saqqallı ermənilər olan ağ avtomobillər yolumuzu kəsdi. Onlar bütün avtobusların sürücülərini harayasa apardılar, biz isə avtobusda qaldıq. Bizim erməni sürücü qayıdanda dedi: "Mən atanıza söz vermişəm. Sizi Qazaxa qədər aparmalıyam. Yorğan-döşəyi basın pəncərələrə, sizi yolda güllələyəcəklər". Biz yorğan-döşəyi basdıq. Kirovakan rayonundakı Həmzəçimənə çatanda bizə atəş açıldı. Avtobusların hamısını güllələyirdilər. Avtobusun içində bir ailəni təmiz qırdılar. Bizi Qazaxa kimi gətirib keçirmək üçün ikicə dənə BTR vermişdilər.
Bir ər-arvadın meyitlərini elə Həmzəçiməndəcə götürdülər və qaytarmadılar. Ancaq uşaqları yaralı idi deyə, birtəhər götürə bildik. Uşağın başının hər şeyi avtobusun pilləkənlərinə tökülmüşdü. Onu götürə bildilər, ata-anasını isə yox".
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:
1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 11 nəfər yaşayıb.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
"İrəvan quberniyasının 1902-ci ilə olan yaddaş kitabçası"nda kənddə məscidin olduğu qeyd edilir.
2007-ci ildə erməni jurnalist Naira Bulqadaryan Britaniyanın müharibə və sülhün işıqlandırılması İnstitutu (IWPR) üçün yazdığı məqalədə Saral kəndində iki azərbaycanlı qəbiristanlığının vəziyyətini təsvir edərək məzar daşlarının əksəriyyətinin zədələndiyini qeyd edir. Yazıda qeyd olunub ki, kənd ermənilərlə məskunlaşdırıldıqdan sonra Ermənistanın digər bölgələrindən gəlmələr qəbiristanlıqdan azərbaycanlıların məzar daşlarını emal etmək və ya təkrar satış üçün aparıblar.
Kəndin keçmiş sakini Firuzə Məmmədovanın xatırlamasına görə, Saralda Armudocaq ziyarətgahı olub: "Bizim gözəl Armudocağımız var idi. Camaatımız həmişə oranı ziyarətə gedərdi".
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə onlarla məzar daşlarının qaldığı iki azərbaycanlı qəbiristanlığı, həmçinin məscid dağıntıları və Armudocaq ziyarətgahı aşkar edilib. Hazırda ziyarətgahın girişində xaç qoyulub.
Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 28 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Saralla bağlı 108 vizual material yerləşdirilib.
Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.


