Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, ərazidə istirahət mərkəzinə giriş məhdudlaşdırılıb. Mərkəzə aparan piyada keçidi bağlanıb, həmçinin avtomobillərin hərəkətinə isə tamamilə qadağa qoyulub.
Mərkəzdən bildirilib ki, istintaq tədbirləri ilə əlaqədar obyektin fəaliyyəti ilin sonunadək dayandırılıb. Həmçinin o da qeyd olunub ki, gələcəkdə zəruri dəyişikliklər və müvafiq tədbirlər həyata keçirildikdən sonra fəaliyyətin bərpası məsələsinə baxıla bilər.
Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində baş verib. Əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib.




