Bəs müəllimlər müəyyən edilən bu tələbləri necə qiymətləndirirlər və onların fikrincə, geyim mədəniyyəti müəllimin peşəkar imicinə və məktəb mühitinə necə təsir göstərir?
Ölkə.az xəbər verir ki, “Azərbaycan müəllimi” qəzeti mövzu ilə bağlı pedaqoqların fikirlərini öyrənib.
“Müəllimin geyimi onun peşəsinə və şagirdlərinə hörmətinin göstəricisidir”
Nərimanov rayonu 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, metodbirləşmə rəhbəri Aytən Bağıyeva “Azərbaycan müəllimi”nə bildirib ki, təhsilverənlərin geyiminə dair yeni tələblərin müəyyənləşdirilməsi məktəbdə işgüzar mühitin və peşəkar davranış mədəniyyətinin möhkəmləndirilməsi baxımından müsbət addımdır.
Onun sözlərinə görə, müəllimin xarici görünüşü, ilk növbədə, onun peşəsinə, şagirdlərinə və çalışdığı təhsil müəssisəsinə münasibətini əks etdirir:
“Məktəb yalnız bilik verilən yer deyil, həm də şəxsiyyətin, intizamın formalaşdığı mühitdir. Müəllim şagirdlər üçün hər zaman nümunədir. Onun danışığı və davranışı ilə yanaşı, xarici görünüşü və geyim mədəniyyəti də şagirdlərin dünyagörüşünə təsir göstərir. Bu baxımdan müəllimlərin geyimində sadə və işgüzar üslubun əsas götürülməsi məktəbdə peşəkar mühitin formalaşmasına, müəllim nüfuzunun möhkəmlənməsinə xidmət edir”.
A.Bağıyeva qeyd edib ki, müəllimin səliqəli və peşəsinə uyğun geyinməsi şagirdlərdə də geyim mədəniyyətinin, estetik zövqün və intizamlı davranışın formalaşmasına müsbət təsir göstərir:
“Müəllim şagird üçün yalnız bilik mənbəyi deyil, həm də davranış və mədəniyyət nümunəsidir. Onun geyimindəki sadəlik və səliqə şagirdlərin diqqətini dərsin məzmununa yönəltməyə, tədris prosesində işgüzar mühit yaratmağa kömək edir. Eyni zamanda, məktəb mühitinə uyğun geyinmək, qarşılıqlı hörmət və məsuliyyət kimi dəyərlərin mənimsənilməsində də müəllimin şəxsi nümunəsi mühüm rol oynayır”.
Müəllim bildirib ki, çalışdığı təhsil müəssisəsində geyim mədəniyyətinə və nizam-intizam qaydalarına diqqət yetirilməsi artıq uzun illərdir formalaşmış təcrübədir:
“Məktəbimizin rəhbərliyi müəllimlərin və şagirdlərin təhsil mühitinə uyğun, səliqəli geyinməsini hər zaman təşviq edib. Kollektivimiz də bu yanaşmanı dəstəkləyir. Hesab edirəm ki, mövcud təcrübə məktəbimizdə işgüzar mühitin, qarşılıqlı hörmətin və intizamın möhkəmlənməsinə müsbət təsir göstərib. Yeni tələblərin tətbiqi isə bu yanaşmanın daha sistemli və davamlı xarakter almasına imkan yaradacaq”.
“Əsas məsələ vahid çərçivənin müəyyənləşdirilməsi və seçim imkanının qorunmasıdır”
Bakı şəhəri 17 nömrəli tam orta məktəbin müəllimi Elmira Ağayeva da yeni tələbləri müsbət qiymətləndirərək bildirib ki, müəllimlərin geyimində vahid yanaşmanın tətbiqi onların mütləq eyni formada geyinməsi demək deyil. Əsas məqam müəyyən olunmuş işgüzar üslub çərçivəsində fərdi seçim imkanının saxlanılmasıdır.
Onun sözlərinə görə, klassik və səliqəli geyim nümunələrinə üstünlük verilməsi məktəbdə peşəkar mühitin formalaşmasına kömək edə bilər:
“Müəllimlər onsuz da öz geyimlərinə diqqət edən, şagirdlər üçün nümunə olan şəxslərdir. Xarici görünüş də müəllimin peşəkar obrazının bir hissəsidir. Bu baxımdan geyimlə bağlı müəyyən çərçivənin olması müsbət haldır. Mənim üçün əsas məsələ bütün müəllimlərin eyni formada geyinməsi deyil, ümumi işgüzar üslubun qorunması və həmin çərçivədə seçim imkanının saxlanılmasıdır”.
E.Ağayeva hesab edir ki, müəllimin geyim mədəniyyəti şagirdlərin estetik zövqünün və məktəb qaydalarına münasibətinin formalaşmasına da təsir göstərir:
“Biz şagirdlərə yalnız bilik vermirik, onların zövqünün və estetik baxışlarının formalaşmasında da iştirak edirik. Müəllimin geyimi və davranışı şagirdlərə səliqəli olmağın, qaydalara əməl etməyin və mühitə uyğun davranmağın vacibliyini göstərir. Şagird bir çox hallarda müəllimindən nümunə götürür. Buna görə də müəllimin xarici görünüşünə diqqət yetirməsi mühüm əhəmiyyət daşıyır”.
Müəllim çalışdığı məktəbdə də geyim mədəniyyəti ilə bağlı müəyyən yanaşmanın artıq tətbiq olunduğunu diqqətə çatdırıb:
“Məktəbimizdə müəllimlər üçün klassik geyim üslubunda bir neçə nümunə müəyyənləşdirilib. Bu yanaşmanın üstünlüyü ondan ibarətdir ki, həm ümumi işgüzar üslub qorunur, həm də müəllimlərin fərdi seçim imkanları məhdudlaşdırılmır. Düşünürəm ki, yeni tələblər bu təcrübənin daha sistemli şəkildə formalaşmasına şərait yaradacaq. Əsas məsələ geyim mədəniyyətinin məktəbin ümumi mədəniyyətinin bir hissəsi kimi qəbul edilməsidir”.
“Müəllim geyimi və davranışı ilə də şagirdlərə nümunə olmalıdır”
20 nömrəli məktəb-liseyin müəllimi Gülbahar Quliyeva isə bildirib ki, təhsilverənlərin geyiminə dair yeni tələblər məktəbdə işgüzar və peşəkar mühitin formalaşmasına müsbət təsir göstərəcək.
Onun fikrincə, müəllimin geyimi peşəsinin xüsusiyyətlərinə uyğun olmalı, sadəliyi və səliqəsi ilə seçilməlidir:
“Yeni tələbləri müsbət qiymətləndirirəm. Hesab edirəm ki, müəllimlərin geyimi digər geyim üslublarından seçilməli və nümunəvi olmalıdır. Şagirdlər müəllimlərdən yalnız bilik deyil, həm də davranış və geyim mədəniyyəti baxımından nümunə götürməlidirlər. Bu səbəbdən müəllimin xarici görünüşünə diqqət yetirməsi vacibdir”.
G.Quliyeva qeyd edib ki, müəllim cəmiyyətdə daim diqqət mərkəzində olan və öz davranışı ilə nümunə göstərən peşə sahiblərindəndir:
“Müəllim cəmiyyətin hörmətə layiq nümayəndələrindən biridir. O, yalnız məktəbdə deyil, cəmiyyətin müxtəlif sahələrində də diqqət mərkəzində olur. Düşünürəm ki, müəllim geyim mədəniyyəti ilə də seçilməlidir. Səliqəli və işgüzar görünüş onun peşəkar imicinin və nüfuzunun möhkəmlənməsinə, şagirdlərin müəllimi həm davranış, həm də geyim baxımından nümunə kimi qəbul etməsinə kömək edə bilər”.


