Siyasət · Ölkə.az

Laçının beynəlxalq nüfuzu Azərbaycanın dayanıqlı inkişaf siyasətinin təzahürüdür - Deputat

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Laçının beynəlxalq nüfuzu Azərbaycanın dayanıqlı inkişaf siyasətinin təzahürüdür - Deputat xəbəri üçün şəkil

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov deyib.

Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq siyasəti artıq konkret sosial-iqtisadi nəticələrlə müşayiət olunur:

"Laçının dirçəlişi bu siyasətin mühüm nümunələrindən biridir. Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunması və burada beynəlxalq tədbirlərin keçirilməsi şəhərin qısa müddətdə mədəniyyət və əməkdaşlıq məkanına çevrildiyini göstərir. Bu status milli yaddaşın qorunmasına, Azərbaycanın mədəni diplomatiyasının genişlənməsinə, turizmin və yaradıcı sənayelərin inkişafına xidmət edir. Laçının tarixi irsi, mədəni ənənələri və yenilənən infrastrukturu şəhərin beynəlxalq tanınmasına töhfə verməklə yanaşı, yerli sahibkarlıq üçün də yeni imkanlar yaradır".

Rövşən Muradov qeyd edib ki, Laçında həyata keçirilən siyasət infrastrukturun bərpasını, əhalinin doğma yurda qayıdışını və dayanıqlı iqtisadi fəaliyyət üçün şəraitin yaradılmasını əhatə edir. Onun sözlərinə görə, bu siyasətin mühüm istiqamətlərindən biri rayonun bərpaolunan enerji potensialından istifadədir.

"2026-cı ilin iyulunda Prezident İlham Əliyevin iştirakı ilə ümumi gücü 32,95 meqavat olan “Ağbulaq-1”, “Ağbulaq-2” və “Şeylanlı” su elektrik stansiyalarının istifadəyə verilməsi Laçının yaşıl enerji infrastrukturunun genişləndirilməsi baxımından əhəmiyyətli addım olmuşdur. Bu layihələr elektrik enerjisi istehsalını artırmaqla yanaşı, təbii resursların iqtisadi dövriyyəyə cəlb edilməsinə, yeni məşğulluq imkanlarının yaradılmasına və rayonun investisiya cəlbediciliyinin yüksəldilməsinə şərait yaradır.

Gələcəkdə enerji istehsalının turizm, kənd təsərrüfatı, emal sənayesi və xidmət sektoru ilə əlaqələndirilməsi rayon iqtisadiyyatının şaxələndirilməsinə imkan verə bilər. Bunun üçün xidmət infrastrukturunun, peşəkar kadr hazırlığının, rəqabətqabiliyyətli turizm məhsullarının və sahibkarlıq mühitinin daha da inkişaf etdirilməsi vacibdir.

Ölkə başçısının rayonumuzun dirçəlişinə beynəlxalq platformada xüsusi diqqət yetirməsi laçınlılar üçün böyük mənəvi əhəmiyyət daşımaqla yanaşı, qarşıdakı inkişaf mərhələsinin prioritetlərini də müəyyənləşdirir. Əsas məqsəd quruculuq nəticələrinin əhalinin sosial rifahında, məşğulluq səviyyəsində, sahibkarlıq fəallığında və yaşayış standartlarında əks olunmasını təmin etməkdir. Böyük Qayıdışın davamlı uğuru Laçının yalnız bərpa edilmiş deyil, həm də iqtisadi və sosial baxımdan dayanıqlı, insan kapitalını qoruyan və gələcək nəsillər üçün yeni imkanlar yaradan yaşayış məkanına çevrilməsindən asılıdır" - millət vəkili vurğulayıb.

Deputat hesab edir ki, Laçının beynəlxalq mədəniyyət müstəvisində qazandığı mövqe və sürətli inkişafı Azərbaycanın suverenliyin bərpasından dayanıqlı tərəqqiyə uzanan dövlətçilik siyasətinin konkret nəticəsidir.

"Burada tarixi yaddaş mədəni diplomatiyanın, təbii potensial yaşıl enerjinin, quruculuq siyasəti isə sosial rifahın əsaslarına çevrilir. Laçının dirçəlişi Azərbaycanın işğaldan azad edilmiş ərazilərin gələcəyini vahid və uzunmüddətli strateji yanaşma əsasında qurduğunu nümayiş etdirir" - millət vəkili vurğulayıb.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑