Ölkə · Ölkə.az

Hesablama Palatası: Regionlarda yol təmirinə tender yekunlaşmamış başlanılır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Hesablama Palatası: Regionlarda yol təmirinə tender yekunlaşmamış başlanılır xəbəri üçün şəkil

Ölkə.az bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, qurumun 2026-cı il üzrə İş Planına müvafiq olaraq, 2024–2025-ci illərdə dövlət büdcəsindən 14 yerli icra hakimiyyəti orqanında (Quba, Tərtər, İmişli, Qusar, Ağcabədi, Zaqatala, Lerik, Şabran, Gədəbəy, Ucar, Cəlilabad rayon icra hakimiyyətləri, eləcə də Mingəçevir, Lənkəran və Şəki şəhər icra hakimiyyətləri) yolların əsaslı təmirinə ayrılmış vəsaitin idarə edilməsinin analitik təhlili aparılıb.

Analitik fəaliyyət çərçivəsində yerli icra hakimiyyəti orqanlarında yolların əsaslı təmirinə xərc edilmiş vəsait yalnız sənədli təhlillə (nəzarət ölçü aparılmayıb) əhatə olunub, sübutlar qiymətləndirilərkən yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi ilkin sənəd və məlumatlar təhlil olunaraq nəzərə alınıb.

Analitik fəaliyyətin nəticəsində əsasən aşağıdakılar müəyyən edilib:

Şəhərdaxili avtomobil yollarında əsaslı təmir işlərinin zəruriliyi müəyyən edilərkən yolun faktiki texniki vəziyyəti instrumental müayinələr, ölçmələr, laborator sınaqlar və müvafiq texniki sənədlərlə kifayət qədər əsaslandırılmamış, qüsur aktları əsasən vizual baxışla tərtib edilmişdir. Normativ-hüquqi aktların tələblərinə tam riayət olunmaması təmir ehtiyacının obyektiv təyin edilməsini, yerinə yetirilmiş işlərin yolun real vəziyyətinə uyğunluğunun qiymətləndirilməsini, eləcə də dövlət büdcəsi vəsaitlərinin qənaətlilik, səmərəlilik və nəticəlilik prinsipləri əsasında idarə olunmasını məhdudlaşdırmışdır.

Yolların əsaslı təmirinə dair layihə-smeta sənədləri dövlət ekspertizasından keçib təsdiqlənsə də, layihələrdə yalnız asfalt-beton örtüyünün qalınlığının müəyyən edilməsi ilə kifayətlənilmişdir. Yolun uzununa və eninə profilləri, meyllilik göstəriciləri, habelə səth sularının kənarlaşdırılması üzrə texniki həllər layihələndirmə və icra mərhələsində nəzərə alınmamışdır.

Nəticədə əsaslı təmir olunmuş yollarda normativ həndəsi parametrlər və təbii suaxını təmin edilməmiş, yol örtüyündə suyun toplanması, lokal çökəkliklərin və əks-meylliliklərin yaranması riskləri meydana çıxmışdır. Bu hal yol örtüyünün istismar müddətini qısaltmaqla yanaşı, ayrılmış büdcə vəsaitlərinin gözlənilən effekti verməməsinə və gələcəkdə əlavə təmir xərclərinin yaranmasına şərait yaratmışdır.

Layihə-smeta sənədlərinin hazırlanmasına əsas olan qüsur aktlarının satınalma prosedurundan sonrakı tarixlərdə tərtib edilməsi obyekt üzrə iş həcmlərinin və ehtimal olunan qiymətin lazımi əsaslandırma aparılmadan formalaşdırıldığını göstərir. 6 yerli icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmiş 6 291 235,7 manat məbləğdə təmir işlərində satınalma müqaviləsi bağlandıqdan cəmi 1 - 2 (bəzi hallarda 4) gün sonra işlərin başa çatmasına dair qəbul aktlarının rəsmiləşdirilməsi işlərə satınalma prosedurundan əvvəl başlanıldığını təsdiqləyir. Bütün bu nöqsanlar dövlət satınalmalarında rəqabətlilik, şəffaflıq və vəsaitlərdən qənaətlə istifadə prinsiplərinə riayət olunmadığını və proseslərin əsasən formal xarakter daşıdığını göstərir.

Aparılan təhlillərə əsasən, söküntü zamanı əldə olunan tikinti materialları qiymətləndirilərək mədaxil edilməmiş və ya podratçılarla qarşılıqlı hesablaşmalarda nəzərə alınmamışdır. Eyni zamanda, frezlənmə və söküntü materiallarının daşınmasını təsdiq edən müvafiq icazələr olmadığı halda daşınma xərcləri smeta sənədlərinə daxil edilmişdir. Satınalmaya çıxarılan iş həcmləri əsaslandırılmadan dəyişdirilmiş, bəzi işlərin həcmi müqavilələrdə artırılmış, əvvəlcədən faktiki icra olunmuş işlər sonradan dövlət ekspertizasından keçmiş layihə-smeta sənədlərinə, satınalma şərtlərinə və qəbul aktlarına əlavə olunmuşdur.

4 yerli icra hakimiyyəti orqanı üzrə layihə-smeta sənədlərində işlərə hüquqi əsası olmayan digər smeta normativlərinin tətbiq edilməsi, 2 yerli icra hakimiyyəti orqanı üzrə səlahiyyətlərinə aid olmayan yol nişanlanması, xətlənmə və rənglənmə işlərinin yolların əsaslı təmiri üzrə smetalara daxil edilərək rəsmiləşdirilməsi satınalma predmetinin hüquqi və funksional aidiyyətinin düzgün müəyyən edilmədiyini göstərir.

Asfalt-beton örtüklü mövcud təmirli yolların müəyyən hissəsində qüsur aktlarının real vəziyyəti əks etdirməməsi, söküntü və bərpa üzrə texniki normaların gözlənilməməsi layihə-smeta və satınalma sənədlərinə artıq iş həcmlərinin daxil edilməsinə şərait yaratmışdır. Mühasibat uçotu və tikinti sahəsini tənzimləyən qanunvericiliyin tələblərinin gözlənilməməsi nəticəsində 14 yerli icra hakimiyyəti orqanı üzrə ümumilikdə 1 078 610,9 manat məbləğində işlərin həcm və dəyərinin artırılmasına və podratçılara artıq ödənişin edilməsinə yol verilmişdir. Analitik fəaliyyət dövründə qeyd olunan məbləğ dövlət büdcəsinə tam bərpa edilmişdir.

Təhlil zamanı bütün yerli icra hakimiyyəti orqanlarında satınalmalar üzrə xarakterik olmaqla, biri-birini təkrarlayan çoxsaylı satınalma qanunvericiliyinin pozulması hallarına, o cümlədən, təchizatçılar tərəfindən icra təminatlarının gecikdirilməklə təqdim olunması, müqavilə öhdəliklərinin vaxtında yerinə yetirilməməsi, habelə öhdəliklərin gecikdirildiyi müddətdə icra təminatının olmaması və dövlət vəsaitinin uzun müddət özəl qurumların istifadəsində qalması halları qeydə alınmışdır.

Eyni zamanda, öhdəliklərini vaxtında icra etməyən podratçılara müqavilə şərtlərinə uyğun cərimələrin tətbiq edilməməsi və ya müqavilələrin xüsusi şərtlərində cərimə faizlərinin nəzərdə tutulmaması öhdəliklərin gecikdirilməsinə və cərimələrin hesablanmasının məhdudlaşmasına səbəb olmuşdur.

Şəhərdaxili avtomobil yollarının faktiki vəziyyəti, uzunluğu, yol örtüyünün növü, konstruktiv elementləri, balans və digər göstəricilər üzrə texniki pasportlaşdırma və müvafiq uçotun aparılması, eləcə də bu məlumatların avtomobil yollarının vahid dövlət reyestri, daşınmaz əmlakın dövlət reyestri və kadastr məlumatları ilə uzlaşdırılması qanunvericiliyin tələblərinə uyğun təmin olunmamışdır. Bu hal yol təsərrüfatı obyektlərinin faktiki və hüquqi vəziyyətinin dəqiq müəyyənləşdirilməsini, onların uçotunun düzgün aparılmasını, saxlanılmasını və əsaslı təmirə dair qərarların obyektiv məlumatlar əsasında qəbul edilməsi imkanlarını məhdudlaşdırmışdır. Eyni zamanda, şəhərdaxili yolların balansa götürülməməsi nəticəsində analitik fəaliyyətlə əhatə olunan obyektlər üzrə 2024–2025-ci illərdə dövlət vəsaiti hesabına yaradılmış və ya əsaslı təmir edilmiş 23 977 875,5 manat məbləğində yol aktivləri mühasibat uçotunda əks olunmamış, əsaslı xərclər kapitallaşdırılmamışdır. Bu nöqsanlar yerli icra hakimiyyəti orqanlarının maliyyə və əmlak hesabatlarının təhrif olunması ilə nəticələnmiş, ümumilikdə ölkə üzrə dövlət əmlakının uçotunun şəffaflığına və etibarlılığına mənfi təsir göstərmişdir.

Hesablama Palatası tərəfindən yerli icra hakimiyyəti orqanları tərəfindən avtomobil yollarının saxlanılması, əsaslı təmiri və dövlət əmlakının uçotunda vahidliyin təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi təklif olunub. Təkliflərdə

· Avtomobil yollarının əsaslı təmiri üzrə vahid qiymətləndirmə mexanizminin yaradılması, layihələrin hazırlanması üçün məcburi ilkin texniki müayinənin tətbiq edilməsi, zəruri hallar istisna olmaqla qüsur aktlarının yalnız vizual baxış əsasında tərtib edilməsinin qarşısının alınması, habelə layihələrdə həndəsi parametrlər və suötürücü həllər üzrə vahid tələblərin müəyyən olunması;

· pərakəndəliyin aradan qaldırılması, normativlərə və icra müddətlərinə riayət olunması, eləcə də dövlət vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanları üzrə yolların əsaslı təmiri işlərinin bir layihə ilə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulması və dövlət əsaslı vəsait qoyuluşundan maliyyələşdirilməsi;

· dövlət əmlakının uçotunda vahidliyin və tamlığın təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yerli icra hakimiyyəti orqanları ilə birgə dövlət vəsaiti hesabına yaradılmış və əsaslı təmir edilmiş şəhər, qəsəbə və kənddaxili avtomobil yollarının inventarlaşdırılması və elektron reyestrdə uçota alınması üzrə vahid mexanizmin yaradılması;

· qanunvericiliyə uyğun olaraq hər bir yol obyektinə unikal reyestr nömrəsinin verilməsi, yolun ünvanı, uzunluğu, sahəsi, örtük növü, konstruktiv elementləri və dəyəri barədə məlumatların elektron reyestrdə əks etdirilməsi, əsaslı təmir edilmiş yol obyektlərinin təhvil-qəbul aktı əsasında balansda rəsmiləşdirilməsi və mühasibat uçotu göstəricilərinin müntəzəm üzləşdirilməsi;

· yerli icra hakimiyyəti orqanları tərəfindən şəhər və qəsəbədaxili yolların balans mənsubiyyətinin müəyyənləşdirilməsi, şəhərdaxili yolların faktiki vəziyyəti, uzunluğu və konstruktiv elementləri üzrə texniki pasportlaşdırılmasının aparılması, eləcə də avtomobil yolları haqqında məlumatların dövlət informasiya ehtiyatında sistemləşdirilərək Avtomobil Yollarının Vahid Dövlət Reyestrinə daxil edilməsi ilə öz əksini tapıb.

Hesablama Palatasının Kollegiyası analitik fəaliyyətin nəticələrini müzakirə edərək yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılmasına dair irəli sürülmüş təkliflərin yerinə yetirilməsi, eləcə də aşkar edilmiş müvafiq məsələlərlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərə uyğun tədbirlərin həyata keçirilməsi üçün zəruri sənəd və məlumatların aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑