Ölkə.az Musavat.com-a istinadla xəbər verir ki, Gürcüstan parlamentində bununla bağlı qanun dəyişiklikləri qəbul edilib.
Parlamentin İqtisadiyyat Komitəsinin sədri Şota Berekaşvilinin sözlərinə görə, yeni tarif mexanizminin əsas məqsədi əhalini enerji resurslarına qənaət etməyə təşviq etməkdir.
“Bizdə elə bir mexanizm olmalıdır ki, hər birimizi enerjiyə qənaət etməyə həvəsləndirsin. Biz enerji səmərəliliyinin bir nömrəli vəzifə olduğu yeni iqtisadi modeldə yaşayırıq”, – deyə komitə sədri bildirib.
Berekaşvili vurğulayıb ki, yeni sistemdə əsas diqqət sosial müdafiəyə yönəldiləcək. Aztəminatlı ailələr üçün kommunal xərclərin dövlət tərəfindən subsidiyalaşdırılması proqramları qüvvədə saxlanılacaq.
Onun sözlərinə görə, daha çox qaz və su istehlak edən vətəndaşlar yüksək tariflərlə üzləşəcəklər. Az istehlak edənlər üçün isə aşağı tariflərin tətbiqi nəzərdə tutulur.
Yeni sistemdə aztəminatlı vətəndaşlar üçün qiymətlərin aşağı səviyyədə saxlanılması əsas prinsiplərdən biri olacaq.
Bununla belə, müzakirələr zamanı soyuq və dağlıq bölgələrdə yaşayan aztəminatlı ailələrin vəziyyəti də gündəmə gətirilib. Bildirilib ki, Borjomi, Axalsixe və Axalkalaki kimi bölgələrdə sərt qış şəraiti səbəbindən qaz istehlakı daha yüksəkdir. Bu isə həmin ailələrin daha çox qaz istifadə etdiklərinə görə yüksək tarif ödəməsi riskini yaradır.
Berekaşvili tariflərin müəyyənləşdirilməsi zamanı sosial amilin xüsusi nəzərə alınacağını vurğulayıb.
Komitə sədri qeyd edib ki, hazırda Gürcüstanda əhali üçün təbii qazın bir kubmetrinin qiyməti təxminən 55 tetri (0,21 ABŞ dolları) təşkil edir.
Onun sözlərinə görə, bu göstərici Avropa İttifaqı ölkələrindəki orta qiymətdən 7,5–8 dəfə aşağıdır.
Qanun dəyişikliklərinə əsasən, Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası su üzrə 2036-cı il yanvarın 1-dək, təbii qaz üzrə isə 2038-ci il yanvarın 1-dək istehlak həcmindən asılı fərqli tariflər müəyyən etmək səlahiyyətinə malik olacaq.
Yeni tariflərin konkret məbləğləri və aztəminatlı ailələr üçün tətbiq ediləcək güzəştlərin detalları daha sonra açıqlanacaq.





