Ölkə.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində jurnalistlərlə söhbətində Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyan Ermənistanın Şəki kəndinə daxil olan azərbaycanlı hərbçi ilə bağlı sualı cavablandırarkən bildirib.
"O, dindirilib, ifadə verib, mən dindirmənin məzmununu açıqlaya bilmərəm. Bu hadisə ilə əlaqədar sabah deyil, birisigün parlamentdə qapalı görüş keçiriləcək. Hazırda ibtidai istintaqın sirrini qorumaq məqsədilə ifadələrin məzmununu yaya bilmərəm. Lakin o, yeri, hadisənin hallarını, ərazini - hər şeyi göstərib. Ümumiyyətlə, mənim onu müdafiə etmək kimi bir vəzifəm yoxdur. Biz faktları qiymətləndirməliyik: azaraq piyada gedən şəxs ev görür, şüşəni sındırır, o, acdır, oraya daxil olur, yemək hazırlayır, paltarını dəyişir. Uşaqlar içəri girir, o, onların telefonlarını alır, saatlarla oturaq vəziyyətdə saxlayır, onlara zərər vermir", - deyə Poqosyan vurğulayıb.
Bununla yanaşı, İstintaq Komitəsinin rəhbəri həmin şəxsə aid edilən əməlləri sadalayaraq ona bir neçə maddə üzrə ittiham irəli sürüldüyünü qeyd edib.
Xatırladaq ki, oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Nəsimi Musayev adlı Azərbaycan hərbçisi Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.
Şəki (Zəngəzur) kəndi yaxınlığında sərhədi naməlum şəraitdə keçən hərbi qulluqçu iki ay müddətinə həbs edilib.

