ABŞ ilə İran arasında hərbi qarşıdurma yenidən alovlana bilər və bu dəfə müharibənin coğrafiyası Yaxın Şərqlə məhdudlaşmaya bilər.
Tehran Vaşinqtonun hücumları bərpa edəcəyi təqdirdə, Avropadakı ABŞ hərbi bazalarını da hədəfə ala biləcəyi ilə hədələr yağdırır. Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyadakı hərbi obyektlərin mümkün hədəflər sırasında olduğu bildirilir. Eyni zamanda, ABŞ-nin İranın Qeşm adasındakı radar və raket qurğularına zərbələr endirdiyi barədə məlumatlar yayılır. Tehran isə İsrailə qarşı əvvəlkilərdən daha genişmiqyaslı və sarsıdıcı hücum strategiyası hazırladığını bəyan edir.
Professor Qabil Hüseynli Musavat.com-a deyib ki, müharibə ilə bağlı məlumatlar hələlik ehtimal xarakteri daşıyır. Onun fikrincə, Trampın müharibəyə başlamaq imkanları məhdud görünür: “İsrailin də müharibəyə qoşulacağını düşünmürəm. İsrailin hərbi əməliyyatlarda iştirakı ABŞ-nin mövqeyindən asılıdır. Vaşinqton müharibəyə qoşulmasa, İsrailin də belə bir addım atması real görünmür”.
Qabil Hüseynli xatırladıb ki, İran Araz sahili istiqamətində raketatan qurğular yerləşdirməyə başlayıb:
“Eyni zamanda, ölkənin cənub istiqamətində hərbi qüvvələrini cəmləşdirdiyi bildirilir. Bu addımlar Tehranın mümkün hərbi qarşıdurmaya hazırlaşdığını göstərən əlamətlər kimi qiymətləndirilə bilər. İran rəsmilərinin və hərbi dairələrinin ardıcıl hədələri, ABŞ-ı yerlə-yeksan etmək, regiondakı qüvvələrini darmadağın etmək, hətta müharibəni Avropaya qədər genişləndirmək barədə bəyanatları da diqqət çəkir. Lakin bu hədələrin nə dərəcədə real hərbi imkanlara söykəndiyi ciddi suallar doğurur. Axı İran əvvəlki müharibədən kifayət qədər ağır və sarsıdıcı vəziyyətdə çıxmışdı. Belə olan halda, Tehran qısa müddətdə necə oldu ki, itirdiyi hərbi potensialı bərpa etdi?”
Professor hesab edir ki, İran Çindən dəstəklənən və onun köməyi ilə hazırlanan raket sistemlərinə güvənir.


