Yunanıstan basketbolunda baş verən qalmaqalla bağlı "Panatinaikos", "Olimpiakos" və AEK klublarının rəsmi açıqlamalarından sonra, "Panatinaikos"un sahibi Dimitris Yannakopulos sosial şəbəkədə mövzuya münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Yannakopulos ilk paylaşımında "əbədi rəqib" adlandırdığı "Olimpiakos"u bu məsələdə daha fəal olmağa çağırıb. O, qeyd edib ki, "Olimpiakos"un rəhbərliyi özlərini Avropanın ən böyük klubu kimi təqdim edir, lakin son illərdə hakimlərin oyunlara təsiri və rüşvət qalmaqalı fonunda bu klubun mövqeyi sual altındadır. Yannakopulos bildirib ki, həbsdə olan hakimlərin üzərində klub formaları və pul tapılıb, "Olimpiakos" isə bu hakimləri müdafiə edib və digər klubların narahatlığını haqsız sayıb. O vurğulayıb ki, son illərdə keçirilən final oyunlarında həmin hakimlərin idarəçiliyi ictimaiyyətdə narazılıq yaradıb və "Olimpiakos"un bu məsələyə münasibəti qeyri-müəyyəndir.
Yannakopulos əlavə edib ki, "Olimpiakos" basketbolun "təmizlənməsi" adı ilə özünü çətin vəziyyətə salıb və bu istiqamətdə xeyli vəsait xərcləyib. O, həmçinin qeyd edib ki, son illərdə qazanılan titulların əksəriyyətində məhz həmin hakimlər iştirak edib. "Olimpiakos"un bu faktlara münasibət bildirməməsini tənqid edən Yannakopulos sual edib: "Ən böyük fürsət yaranıb, bəs niyə indi basketbolu təmizləmək üçün addım atmırlar?".
İkinci paylaşımında isə Yannakopulos Avropa basketbolunun gələcəyi barədə danışıb. O, Yunanıstan Basketbol Federasiyasının rəhbəri Lioliosun vəzifədən getməli olduğunu, hakimlərə və rüşvət verənlərə qarşı sərt cəzaların tətbiq edilməsini təklif edib. Yannakopulosun fikrincə, yalnız bu yolla basketbolun nüfuzunu bərpa etmək mümkündür.




