Qara dənizdə mülki gəmilərə qarşı PUA hücumlarının intensivləşməsi azərbaycanlı dənizçilərin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradıb. Son dövrlərdə baş verən hücumlar zamanı bir neçə Azərbaycan vətəndaşının həyatını itirməsi və itkin düşməsi təhlükənin miqyasını bir daha ortaya qoyub.
Son belə hadisə oktyabrın 5-də baş verib. Belə ki, “Palmali” Şirkətlər Qrupunun idarə etdiyi “Royad Mammadov” adlı yük gəmisi Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına hərəkət edərkən Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında dron hücumuna məruz qalıb. Nəticədə Azərbaycan vətəndaşı, gəminin kapitanı, 1974-cü il təvəllüdlü Həsənov Rüstəm İsmayıl oğlu həlak olub. Digər vətəndaşımız — 2002-ci il təvəllüdlü Süleymanzadə Məhəmməd Həmzə oğlu isə itkin düşüb.
Bəs bu kimi halların qarşısını necə almaq olar?
Məsələ ilə bağlı News24.az-a danışan politoloq Asif Nərimanlı bildirib ki, Qara dənizdə son dövrlər azərbaycanlıların da olduğu gəmilərin vurulmasının əsas səbəbi Rusiya-Ukrayna müharibəsinin Qara dənizə yayılmasıdır:
"Bu məsələni yalnız azərbaycanlıların hədəfə alınması kimi qiymətləndirmək düzgün olmaz. Əsas problem Rusiya ilə Ukrayna arasında davam edən qarşıdurmanın artıq mülki gəmilərə də təsir etməsidir. Son dövrlərdə müharibənin dənizdə genişləndiyini, xüsusilə dəniz dronlarından daha aktiv istifadə olunduğunu müşahidə edirik. Tərəflərin əsas məqsədi bir-birinin dəniz fəaliyyətinin qarşısını almaqdır. Bu baxımdan Qara dənizdə baş verən son hadisələr də müharibənin bu əraziyə yayılması və tərəflərin bir-birinin dəniz ticarətinə zərbə vurmaq cəhdləri ilə əlaqəlidir".
Politoloq qeyd edib ki, son hadisədə də söhbət Ukraynadan yük daşıyan və göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmidən gedir:
"Rusiya tərəfi zaman-zaman Ukrayna limanlarına yaxınlaşan və ya Ukrayna ilə əlaqəli yük daşıyan mülki gəmiləri hədəf alır. Bunun əsas məqsədlərindən biri Ukraynanın dəniz yolu ilə həyata keçirdiyi ticarətin qarşısını almaqdır. Digər tərəfdən, Rusiya belə bir arqument irəli sürür ki, həmin gəmilərdə Ukraynaya aid hərbi təyinatlı yüklər də daşına bilər. Lakin mülki gəminin həqiqətən hərbi yük daşıyıb-daşımadığını müəyyənləşdirmək üçün yoxlama aparılmadan zərbələrin endirilməsi mülki şəxslərin həyatını da təhlükə qarşısında qoyur. Nəticədə müxtəlif ölkələrin vətəndaşları, şirkətləri və mülki dənizçiləri Rusiya-Ukrayna qarşıdurmasının təsirlərindən zərər çəkirlər".
Onun sözlərinə görə, Ukrayna tərəfinin də Rusiya ilə əlaqəli hesab etdiyi bəzi gəmilərə qarşı zərbələr endirdiyi görünür:
"Ukrayna daha əvvəl Rusiyanın Qara dəniz donanmasına qarşı müxtəlif vasitələrdən istifadə edib. Söhbət həmçinin Rusiya nefti və sanksiyalara məruz qalan digər məhsulların daşınmasında iştirak edən gəmilərdən gedir. Ukrayna bəzi hallarda bu gəmiləri öz təhlükəsizliyi baxımından qanuni hədəf hesab etdiyini bildirir. Beləliklə, tərəflərin qarşılıqlı zərbələri Qara dənizdə mülki gəmiçilik üçün əlavə risklər yaradır. Bu prosesin qarşısının alınmasının əsas yollarından biri tərəflər arasında dəniz ticarətinin təhlükəsizliyinin təmin olunması və mülki gəmilərin hədəfə alınmaması ilə bağlı anlaşmanın əldə edilməsidir. Daha əvvəl Türkiyənin vasitəçiliyi ilə Qara dənizdə dəniz ticarətinin təhlükəsizliyi ilə bağlı müəyyən razılaşmalar əldə edilmişdi. Bu razılaşmalar müəyyən müddət ərzində qüvvədə olsa da, Rusiya-Ukrayna müharibəsində bu cür anlaşmaların dəfələrlə pozulduğunu və tərəflərdən birinin addımı nəticəsində qüvvədən düşdüyünü görmüşük".

.jpg)



