Çinin Tyansuy şəhərində uşaq bağçasının keçmiş direktoru uşaqların qurğuşunla zəhərlənməsinə görə ömürlük həbsə məhkum edilib.
News24.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
İstintaqın məlumatına görə, bağçanın rəhbərliyi yeməklərə qurğuşun tərkibli rəsm boyaları əlavə etməyi tapşırıb. Məqsəd yeməklərin görünüşünü yaxşılaşdırmaq və bağçanı daha cəlbedici göstərmək olub.
Laboratoriya yoxlaması zamanı yeməklərdə qurğuşunun miqdarının normadan 2680 dəfə çox olduğu müəyyən edilib. Nəticədə 247 uşaq və 28 əməkdaşın qanında qurğuşun səviyyəsi yüksəlib.
İş üzrə digər təqsirləndirilən şəxslərə də cəzalar verilib. Bağçanın icraçı direktoruna 15 il həbs, daha dörd əməkdaşa isə 6–8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.





