Ermənistan xarici işlər naziri Ararat Mirzoyan TRIPP marşrutu çərçivəsində Ermənistandan keçəcək dəmir yolu xəttində sərnişin daşımalarının da həyata keçiriləcəyini açıqlayıb. Bu perspektiv marşrutun regional nəqliyyat əlaqələrinə təsiri və Azərbaycanın tranzit imkanları baxımından müzakirələri aktuallaşdırıb. TRIPP marşrutu çərçivəsində dəmir yolu ilə sərnişin daşımalarının təşkili Mərkəzi Asiya və Rusiyadan Türkiyəyə və Avropaya uzanan nəqliyyat əlaqələrinin inkişafı baxımından yeni imkanlar yarada bilər.
Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, TRIPP marşrutu gələcəkdə regionlararası sərnişin daşımalarında mühüm rol oynaya bilər:
“Zəngəzur dəhlizi vasitəsilə sərnişin daşımalarının həyata keçirilməsi perspektiv baxımından əhəmiyyətlidir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da qeyd etdiyi kimi, TRIPP marşrutu üzərində dəmir yolu dayanacaqlarının yaradılması gələcəkdə sərnişin daşımalarının təşkilinə şərait yarada bilər. Bu, marşrutun yalnız yükdaşımalar deyil, həm də sərnişin daşımaları baxımından əhəmiyyətini artırır. Lakin bu imkanların reallaşması bir sıra siyasi və praktiki şərtlərdən asılıdır. İlk növbədə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması və qarşılıqlı etimadın formalaşması vacibdir. Uzun illər münaqişə şəraitində yaşamış iki xalq arasında sərnişin əlaqələrinin dərhal genişlənməsi real görünməsə də, gələcəkdə mərhələli şəkildə belə bir əməkdaşlığın qurulması mümkündür”.
Deputat qeyd edib ki, TRIPP marşrutunun Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat şəbəkəsinin bir hissəsinə çevrilməsi regionda sərnişin daşımalarının genişlənməsinə töhfə verə bilər. Bununla belə, onun sözlərinə görə, bu perspektivin reallaşması uzunmüddətli prosesdir:
“Bununla yanaşı, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılması xüsusi əhəmiyyət daşıyır və yaxın gələcəkdə həll olunmalı məsələlərdəndir. Bu əlaqənin təmin olunması Azərbaycanın regional nəqliyyat şəbəkəsindəki mövqeyini gücləndirməklə yanaşı, gələcəkdə sərnişin daşımalarının inkişafı üçün də yeni imkanlar aça bilər”.
A.Badamovun sözlərinə görə, TRIPP çərçivəsində dəmir yolu ilə sərnişin daşımalarının təşkili regionda nəqliyyat əlaqələrinin şaxələndirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından perspektivlidir:
“Layihənin real nəticələri Ermənistanla Azərbaycan arasında münasibətlərin inkişafından, nəqliyyat infrastrukturunun qurulmasından və sərhəd-keçid prosedurlarının necə təşkil olunacağından asılı olacaq. Uzunmüddətli perspektivdə isə bu marşrut region ölkələri arasında əlaqələrin möhkəmlənməsinə və Azərbaycanın tranzit imkanlarının genişlənməsinə xidmət edə bilər”.






