Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı Dadaş Dadaşzadənin Monteneqrodan ölkəmizə ekstradisiyasına razılıq verilib.
Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Baş Prokurorluğun Monteneqronun Ədliyyə Nazirliyinə sorğusu, tələb olunan sənədlərin təqdim edilməsi və aparılan danışıqlar nəticəsində Dadaş Balakişi oğlu Dadaşzadənin ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Sabunçu Rayon Polis İdarəsində istintaqı aparılan cinayət işi üzrə onun ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsinə əsaslı şübhələr müəyyən edilib və təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib.
İstintaqdan yayınaraq gizləndiyinə görə D.Dadaşzadə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. Görülən tədbirlər nəticəsində onun Monteneqroda olduğu yer müəyyənləşdirilib və saxlanılması təmin edilib.
Hazırda Dadaş Dadaşzadənin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

