Suriya Səudiyyə Ərəbistanının Yəmənə hərbçi göndərilməsi üçün Dəməşqə müraciət etməsi barədə məlumatları təkzib edib.
Modern.az xəbər verir ki, Suriya prezidentinin mətbuat katibi X hesabında bildirib ki, Səudiyyə Ərəbistanının və Körfəz ölkələrinin təhlükəsizliyi Suriyanın təhlükəsizliyi ilə sıx bağlıdır.
“Dəməşqdə biz bütün gücümüz və qətiyyətimizlə Səudiyyə Ərəbistanındakı qardaşlarımızın yanındayıq. Lakin bəzi KİV-lərin krallığın Səudiyyə Ərəbistanına və ya Yəmənə Suriya qüvvələrinin göndərilməsini istəməsi barədə yaydığı məlumatlar yalandır və heç bir əsası yoxdur”, – deyə o qeyd edib.
Bundan əvvəl “Axios” Suriyanın husilərə qarşı mübarizə aparmaq üçün Yəmənə 10 mindən 20 minədək hərbçi göndərmək imkanını nəzərdən keçirdiyini yazıb.
Nəşr iddia edib ki, Dəməşq və Ər-Riyad bu məsələ ilə bağlı Vaşinqtonla məsləhətləşmələr aparıb və ABŞ tərəfi təklifə etiraz etməyib. Məlumatda Vaşinqtonun belə bir addımın Səudiyyə Ərəbistanı ilə Suriya arasındakı münasibətləri möhkəmləndirəcəyini düşündüyü də bildirilib.





